Dizayner tələbələrin geyim nümunələri nümayiş olunacaq

İyunun 25-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “SS Fashion Room” adlı moda nümayişi keçiriləcək.
Layihənin keçirilməsində məqsəd Azərbaycanda yeni formalaşmaqda olan dəb sərgilərinə yenilik gətirmək və bu sahəyə yenicə addım atan Dövlət Rəssamlıq Akademiyası “Memarlıq və dizayn” fakültəsinin tələbələri Sevinc Əliyeva və Sima Əhmədzadənin işlərini nümayiş etdirməkdir.
Layihənin mövzusu “Dəb və incəsənət”dir. Nümayiş kreativ geyimlərlə yanaşı “body art” və modellərin fərqli üslubları ilə seçiləcək. Bu tip nümayişlər dünyada artıq dəb halını alsa da, Azərbaycanda bir ilk olacaq. Nümayiş əsasən gənc və orta nəsil nümayəndələri üçün nəzərdə tutulsa da, ümumilikdə yaş məhdudiyyəti yoxdur.
Qeyd edək ki, dəfilədə 20-yə yaxın geyim nümayiş olunacaq. Geyimlər rəssamlarımızın əl işləri əsasında hazırlanıb. Kolleksiya üzərində bir ilə yaxın iş gedib.