Ankaranın Keçiörən Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Ramazan Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub. Bu münasibətlə bələdiyyənin təşkilatçılığı və Türkiyədəki səfirliyimizin dəstəyi ilə festivalın keçirildiyi sahədə qurulan “Azərbaycan evi”nin açılışı olub.
Keçiörən Bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu, Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov və Ankaradakı səfirliyimizin müşaviri Ramil Qurbanov mərasimdə çıxış ediblər.
Çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıblar. Bu ənənəvi festivalda “Azərbaycan evi”nin qurulması iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinə dair daha bir nümunə kimi dəyərləndirilib.
Ziyarətçilərə ölkəmizlə bağlı müxtəlif kitablar, jurnallar, digər çap nümunələri hədiyyə olunub.
Azərbaycan gecəsi ölkəmizi təmsil edən muğam qrupunun ifası ilə davam etdirilib. Gecədə əsl bayram coşqusu yaşanıb. Əllərində iki qardaş ölkənin dövlət bayraqlarını dalğalandıran iştirakçılar Azərbaycan-Türkiyə qardaşlığına olan tükənməz sevgi və məhəbbətlərini müxtəlif şüarlarla ifadə ediblər.