Qarabağa həsr olunmuş sərgi davam edir

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Səyyar Əliyevin “Yurd həsrəti” adlı fərdi yaradıcılıq sərgisi davam edir. İyunun 28-dən bəri sənətsevərlərin üzünə açıq olan sərgidə rəssamın 100-dən çox əsəri nümayiş olunur.
Başlıca olaraq mücərrəd üslubda çəkən müəllifin əsərlərinin çoxu Qarabağ savaşına həsr olunub. Onun bu sayaq əsərlərində kədərin, ağrı-acının rəmzi kimi tutqun rəng çalarları üstünlük təşkil edir.
Ümumiyyətlə, rəssam əsərlərində mücərrədliyə o qədər yön alır ki, onun dərk olunması üçün tamaşaçıya ipucu belə vermir. Rəssam deyir: “Mən mücərrəd çəkməyi sevirəm. Bu üslubda özümü daha yaxşı ifadə edə bilirəm. Əsərlərin açılması sənətşünasların öhdəsinə düşür”.
Səyyar Əliyev 1949-cu ildə Ağcabədi rayonun Xocavənd kəndində doğulub. Orta məktəbi Şuşada və Ağcabədidə oxuyub. Azərbaycan Texniki Universitetini bitirib. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim işləyir.

S.Qaliboğlu