İyulun 16-17-də Gəncədə uşaq rəssamlıq məktəbinin və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Episkeptis” dekorativ-tətbiqi sənət beynəlxalq bədii sərgisi keçiriləcək.
Sərgidə Gəncəyə qonaq gələn S.Q.Stroqanov adına Moskva Dövlət Sənaye-İstehsalat Akademiyasının müəllim və tələbə kollektivinin bədii şüşə əsərləri və Gəncənin dekorativ-tətbiqi sənət rəssamlarının şüşə üzərində vitraj, milli geyim nümunələri, zərgərlik və s. müxtəlif istiqamət, texnika və mövzularda işlənmiş əsərləri nümayiş olunacaq.
“Episkeptis” dekorativ-tətbiqi sənət sərgisinin konsepsiyasına əsasən episkeptis - yunan dilindən tərcümədə “qonaq”, “kimisə dostcasına ziyarət edən şəxs”dir.
Layihənin məqsədi bölgədə mədəni həyatın inkişafına təkan vermək, bədii sərgi həyatını canlandırmaq, istedadlı və yaradıcı gənclər arasında beynəlxalq müstəvidə şəbəkələşməni qurmaq və gələcək inkişafına zəmin yaratmadır.