2012-ci ildə Bolqarıstanda təsis olunmuş “Little Zograff” Fondu tətbiqi və təsviri incəsənətlə bağlı uşaqlar arasında beynəlxalq müsabiqələr keçirir. Fond tərəfindən ötən il Bolqarıstanın Bansko şəhərində təşkil olunmuş beynəlxalq müsabiqəyə 50-dən çox ölkədən 7000 rəsm təqdim olunub.
4-18 yaş arası uşaqların qatıldığı müsabiqədə ölkəmizdən Emiliya Həbibulia (8 yaş) və Nuray Fərəcova (5 yaş) qızıl medal və fəxri mükafata layiq görülüblər.
Bununla yanaşı, Nova Zaqora Assosiasiyası və “Dugo Art Studio” tərəfindən hər il Bolqarıstanın Nova Zaqora şəhərində beynəlxalq incəsənət sərgisi təşkil olunur. Sərgidə müxtəlif ölkələrdən 4-20 yaş arası gənc rəssamların əl işləri nümayiş etdirilir.
Bu il Nova Zaqora şəhərində nümayiş olunan sərgidə “Artline Azərbaycan Group Masterkids” klubunu təmsil edən gənc rəssamlar Nəzifə Bayramova, Rəna Nəsirova və YARAT Müasir İncəsənət Məkanını təmsil edən Süleyman Abdullayev və Əlixan Muradov diplomlarla təltif olunublar.