Rəsm müsabiqəsi davam edir

“Xətai” Sənət Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yeniyetmələr və gənclər arasında “İstedad sorağında-2” adlı respublika müsabiqəsi davam edir.
Layihənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, gənc istedadlı rəssamların, dizayner və heykəltəraşların üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdir. Müsabiqədə yaşı 30-dək olan istedadlı gənclər iştirak edə bilər. Mövzu sərbəstdir.
İştirak etmək istəyənlər avqustun 10-dək əsərlərinin fotosunu, onların işlənmə texnikası, ölçüsü barədə bilgiləri avqust ayının 10-dək “Xətai” Sənət Mərkəzinin elektron ünvanına (info@xsm.az) göndərməlidirlər.
Birinci turdan keçən əsərlər sərgi-yarışmada iştirak etmək hüququ əldə edəcəklər. İlk üç yeri tutan müəlliflər 500, 300, 100 manat mükafat qazanacaqlar.
Xatırladaq ki, ötən il keçirilən “İstedad sorağında” adlı ilk müsabiqəyə 150-dək müəllifin 600-ə qədər əl işi təqdim edilmiş, onların arasından 40-dək həvəskar rəssam və tələbənin əsəri seçilərək sərgidə nümayiş olunmuşdu.