Azərbaycanlı rəssamın əsəri Tokio incəsənət yarmarkasında satılıb

Azərbaycanın tanınmış rəssamı Vüqar Muradovun “Nar” adlı əsəri Yaponiya paytaxtında keçirilən “Tokio İnternational Art Fair” yarmarkasında 50 min dollara satılıb.
Bu barədə rəssam özü məlumat verib. O qeyd edib ki, həmin əsəri vaxtilə 7 min dollara satıb. Əsər 2015-ci ilin noyabrında Nyu-Yorkda beynəlxalq incəsənət yarmarkasında da nümayiş olunmuşdu.
Vüqar Muradov 1967-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Müxtəlif beynəlxalq və yerli sərgi, simpoziumların iştirakçısıdır.
Əsərləri ABŞ, Türkiyə, İtaliya, Fransa, Almaniya, Niderland, Belçika, Lüksemburq, İran və s. ölkələrdə nümayiş olunub, şəxsi kolleksiyalarda saxlanılır.
Ötən ay Bakıda, Muzey Mərkəzində fırça ustasının “Rənglərin formulu” sərgisi keçirilib.
Qeyd edək ki, hazırda rəssamın əsərləri Antalyada keçirilən “Expo 2016” rəsm sərgisində nümayiş olunur.