Paytaxtın Qala qəsəbəsində beynəlxalq heykəltəraşlıq simpoziumu və sərgi

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən “Daşın nəğməsi” (Music in Stone) I Beynəlxalq heykəltəraşlıq simpoziumu oktyabrın 2-də başa çatıb.
Fondun vitse-prezidenti Leyla Əliyeva simpozium çərçivəsində hazırlanmış əsərlərlə tanış olub.
Sentyabrın 24-dən başlayan tədbirdə Azərbaycan, İspaniya, Macarıstan, İtaliya, Fransa, Bolqarıstan, Meksika, Hindistan, Gürcüstan və Makedoniyadan 14 heykəltəraş iştirak edib.
Onlar Bakının Qala qəsəbəsində açıq səma altında çalışıblar və yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlər yaradıblar.
Heykəltəraşlar üçün mövzu məhdudiyyəti qoyulmayıb, onlar məhəbbət, həyat eşqi və digər mövzularda əsərlər hazırlayıblar. Bu sırada Fərəc Rəhmanovun “Başlanğıc”, Həsən Haqverdiyevin “Obelisk”, Novruz Məmmədovun “Qıraqdan izləyən”, Tural Rzaquliyevin “Ritm” (Azərbaycan), Daniel Lüdviqin “Cütlük”, Beata Rostasın “Balans” (Macarıstan), Milena Mladenovanın “Quş-adamlar” (Bolqarıstan), Françisko Xaviyer Astorqanın “Kral” (Meksika), Jahurul İslamın “Alov” (Hindistan), Genadi Zakaraianın “Mənim Şərqim” (Gürcüstan), Janine Kortz-Vaintropun “Qıfıl” (Fransa) və s. nümunələri qeyd etmək olar.
Simpozium çərçivəsində yaradılan işlər Bakı şəhərinin parklarından birində sərgilənəcək.
Tədbirin hər il keçirilməsi, müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərlə gələcəkdə açıq səma altında muzey-heykəltəraşlıq parkının qurulması planlaşdırılır.
Xatırladaq ki, “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumu VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində təşkil olunub.
* * *
Oktyabrın 2-də “Qala” Dövlət tarix-etnoqrafiya qoruğunda V Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşıb. Sərgidə 8 ölkədən 25 incəsənət nümayəndəsinin məişət tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq hazırladığı əl işləri nümayiş olunur. Ümumilikdə indiyədək “Tullantıdan sənətə” sərgilərinə 30 ölkədən 80-dən çox sənət adamı qatılıb.
Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əllərində “canlanıb”.
Dünya okeanlarını cənginə almış plastik çirklənmə İnqrid Qoldblumun (ABŞ) “Cərəyan” əsəri üçün katalizator olub. Rusiyalı rəssamlar Nina Nikiforova və Vladimir Nikiforovun “Tullantılardan qızıl” kompozisiyasının məqsədi təbiətin ən vacib qanunu olan “maddələr dövriyyəsi” anlayışını, yəni tullantıların istifadəyə yararlı məhsullara qaytarılması ideyasını insanlara təlqin etməkdir.
Açılış mərasimində “Tullantıdan sənətə” sərgisinin 5 illiyi münasibətilə videokadrlar nümayiş etdirilib.
Xatırladaq ki, “Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində həyata keçirdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində təşkil olunur. 2015-ci ildən etibarən Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də fəaliyyət göstərir. Budəfəki sərgi oktyabrın 12-dək davam edəcək.