Oktyabrın 24-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) foyesində qurumun nəzdində Uşaq qiyabi rəsm universitetinin bərpa edilməsi ilə bağlı sərgi keçirildi.
ARİ-nin sədri Fərhad Xəlilov xatırlatdı ki, 1992-ci ildə ARİ-nin nəzdində uşaqların təsviri yaradıcılığı üzrə Qiyabi xalq universiteti yaradılıb və bir müddət aktiv fəaliyyət göstərib: “Biz yenidən həmin aktivliyi bərpa etmək istəyirik”.
Uşaq qiyabi rəsm universitetinin rəhbəri, Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz qurumun fəaliyyətindən, 1992-ci ildə ARİ-nin yardımıyla Qarabağdan olan, savaş acısını dadmış 10 uşağın İstanbula aparılması, orada təhsillərinin təşkil edilməsi, ölkəmizin bölgələrində yaşayan istedadlı uşaqların sərgilərinin keçirilməsi barədə danışdı.
Vurğulandı ki, bu tədris ilindən Uşaq qiyabi rəsm universiteti ARİ-nin nəzdində fəaliyyətini davam etdirir. İndi hər bir rəsm çəkmək bacarığı olan uşaq internet vasitəsilə öz əsərlərini universitetin www.ariartedu.org saytına göndərə, buradakı mütəxəssislərdən məsləhətlər ala biləcəklər.
Tədbirdə Türkiyənin Yeditəpə Universietindən gəlmiş qonaqlar da ürək sözlərini dedilər.
Sərgidə uşaqların vaxtilə Qarabağ savaşına həsr etdikləri 30-a yaxın əsər nümayiş olunur.