Oktyabrın 22-də Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Humay Fərəcovanın “Musiqiçi rəssamlar” adlı fərdi layihəsinin və eyniadlı albomun təqdimatı keçirildi.

Tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq layihə müəllifi haqqında qısa məlumat verdi. Bildirdi ki, Humay Fərəcova hazırda Azərbaycan Milli Konservatoriyasının doktorantıdır. 2008-ci ildə paytaxtın musiqi məktəbləri arasında keçirilən musiqi nəzəriyyəsi üzrə olimpiadanın qalibi olub, bir çox seminar və treninqlərdə iştirak edib, qəzet və jurnallarda, saytlarda məqalələri dərc olunub. Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı layihə üzrə ərsəyə gələn “Musiqiçi rəssamlar” albomunda onun da rəsmləri yer alıb.
Sonra H.Fərəcova çıxış edərək layihənin əsas məqsədindən danışdı. Qeyd etdi ki, albomda 20-yə yaxın tanınmış və gənc musiqiçi haqqında materiallar yer alıb. Məqsədimiz Azərbaycanın görkəmli bəstəkarlarının (Üzeyir Hacıbəyli, Arif Məlikov və başqaları), ifaçılarının, həmçinin bu günün gənc, istedadlı musiqiçilərinin rəssamlıq sahəsində də bacarıqlarını ictimaiyyətə çatdırmaqdır.
Layihə müəllifi onu da qeyd etdi ki, bu işdə birinci məqsəd tanınmış musiqiçilərin rəssamlıq sahəsində bacarıqlarını göstərməkdirsə, ikinci məqsəd bu ənənələri davam etdirən gənc musiqiçi nəslində inam yaratmaq, stimul vermək və onları həvəsləndirməkdir. Tədbirdə maraqlı musiqi nömrələri ifa olundu. Çıxışlardan sonra iştirakçılar muzeyin sərgi salonunda albomda yer almış əsərlərlə yaxından tanış oldular.

Savalan Fərəcov