Bu münasibətlə rəssamın iki sərgisi keçiriləcək

Onun soyadı mənsub olduğu nəsil, şəxsiyyəti haqqında hər şey deyir. Əməkdar rəssam Rais Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin son yadigarıdır. İnsanların ona doğmalığında bu amil ayrıca yer tutur.

Noyabrın 1-də tanınmış rəngkar, pedaqoq Rais Rəsulzadənin 70 yaşı tamam olur. O özünü tanıyandan, uşaq duyğuları ilə dünyanı dərk edəndən rəssamlıqla məşğuldur. Həyatı çətinliklər içində keçib, ancaq buna baxmayaraq sarsılmayıb, sınmayıb. Ən başlıcası, içindəki insanlığı var gücüylə qoruyub, səmimilikdən əl çəkməyib. Buna görə də danışığındakı və üzündəki doğmalıq onunla yaxşı həmsöhbət olmaq imkanı yaradır.
Bu yaxınlarda onunla Əhmədlidə “Rəssamlar evi”ndəki emalatxanasında görüşdüm. Mənə elə gəldi ki, Rais müəllim bu 70 ildə yalnız rəsm çəkib. Ona görə ki, rəssama məxsus olan otaqlarda əsər əlindən tərpənmək mümkün deyil. Bu qədər zəngin irs yaratmaq da hər kəsə nəsib olmur. Qalır onu qorumaq.
O, rəssam ailəsində doğulub. Atası Azər bəy rəssam idi, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdı. İndi onun yaradıcılığından az əsər qalıb. Rais bəy atasından qalan 5-6 orijinal əsəri göz bəbəyi kimi qoruyur. Azər Rəsulzadə 1937-ci ilin tuthatutunun qurbanı olub. Doğmaları ilə birlikdə arzularının çiçəkləndiyi bir çağda Qazaxıstan çöllərinə sürgün edilib. Rais müəllim də sürgündə dünyaya göz açıb.
“Atam ixtisasca rəssam idi. Xalq rəssamı Mikayıl Abdullayevlə bir kursda oxumuşdu. Xalq rəssamı, mərhum yazıçı Seyid Hüseynin oğlu Oqtay Sadıqzadə ilə xalaoğlu idilər.
- Mən 1946-cı il noyabrın 1-də Qazaxıstanın Almatı vilayəti Kirov rayonunun Kirov qəsəbəsində anadan olmuşam. 3 yaşım olanda anam Şölə xanım dünyasını dəyişib. Qardaşım Ramizlə anasızlığın bütün acılarını yaşamışıq. Orta məktəbi Karaqanda şəhərində oxumuşam. Rəsm çəkmək qanımda idi, uşaqlıqdan bu sənətlə məşğul olurdum. Orta məktəbdə oxuya-oxuya N.K.Krupskaya adına Ümumittifaq Qiyabi İncəsənət Xalq Universitetində əlavə təhsil alırdım. Burada rəssamlığın sirlərini öyrənir, sərgilərdə iştirak edirdim.
Sürgündə böyüsə də, Rais müəllim həmişə Azərbaycan həsrətilə yaşayıb. Təhsil almaq məqamı gələndə Bakıdakı Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini seçib. Bu istəklə o, 1965-ci ildə ata yurduna gəlib və biryolluq burada qalıb. 1965-1969-cu illərdə adıçəkilən məktəbdə təhsil alıb. Təhsil illərindən sonra hərbi xidmətə yollanıb. Rusiyanın Penza vilayətinin Kuznetsk şəhərində əsgəri xidmət keçib. Əsgərlikdə də yalnız rəssamlıq edib. Hərbi xidmətdən sonra yenidən Bakıya qayıdan Rais müəllim yaradıcılıqla məşğul olur, çətinliklə olsa da, şəhərdəki zirzəmilərin birini təmizləyib özü üçün emalatxana düzəldir, illərlə burada yaşayıb-yaradır:
“1972-ci ildə ovaxtkı V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsinə daxil oldum və 1977-ci ildə həmin institutu bitirdim. Hələ tələbəlik illərindən yerli və ümumittifaq sərgilərdə iştirak etməyə başlamışdım. 1978-ci il həyatımda yaddaqalan il oldu. Həmin il məni bitirdiyim instituta müəllim olaraq işə qəbul etdilər. Bu işdə mərhum heykəltəraş İbrahim Zeynalov yaxından yardım etdi, rektora mənim institut üçün gərəkli kadr olduğumu anlatdı. Hazırda dosentəm, rəsmdən, kompozisiyadan, incəsənət tarixindən dərs deyirəm”.
Rəssamın ilk fərdi sərgisi 1994-cü, ikinci sərgisi isə bir il sonra açılıb. 2002-ci ildə o, respublikanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.
Rais müəllim indiyə kimi yüzlərlə rəssamın yetişməsində əmək sərf edib. Tələbələri və həmkarlarının həmişə ona sayğısı var. Bunu o öz insanlığı ilə qazanıb. İnsanlardan səmimiyyətini, doğmalığını əsirgəmir.
Onun yaradıcılığı çox zəngindir. Rəssamlığın müxtəlif janrlarında fırçasını uğurla sınayıb. Süjetli əsərləri və portretlərində sərt üslubu ilə seçilir. Onun ən böyük özəlliyi isə təbiətlə sıx təmasda olmasıdır. Səttardan sonra o, Azərbaycan təbiətinin Məcnunu, vurğunu missiyasını uğurla davam etdirir. Yurdumuzun elə bölgəsi yoxdur ki, getməsin, oradan nəsə çəkməsin. Təkcə bu il o, təbiət qoynunda 15 tablo yaradıb.
Rəssamın 70 yaşı münasibətilə noyabr ayında iki sərginin keçirilməsi nəzərdə tutulur. Yaxınlarda sənətsevərlər onun böyük sevgiylə yaratdığı əsərlərini canlı görmək imkanı qazanacaqlar. Biz də gözəl müəllim və istedadlı rəssamımızı 70 yaşı münasibətilə ürəkdən təbrik edirik!

S.Qaliboğlu