40 ildən çoxdur ki, Gülşən Hacıyeva bədii incəsənət əsərlərinə yenidən həyat verməklə milli irsimizi yaşadır

Tanınmış rəssam Gülşən Hacıyeva istedadlı rəngkar, bərpaçı rəssam Fərhad Hacıyevin ailəsində dünyaya göz açıb. Uşaqlığı İçərişəhərin qədim divarları arasında keçib. Rəssamlığın sirlərini də elə uşaqlıqdan atasından öyrənib. Oçağlar atasının R.Mustafayev adına Milli İncəsənət Muzeyində bədii-bərpa emalatxanası vardı. Atası ilə tez-tez ora gedər, onun nə iş gördüyü ilə yaxından maraqlanardı. Sonradan tale elə gətirir ki, Gülşən atasının çətin, bəziləri üçün maraqsız görünən işi ilə məşğul olmağa başlayır, indiyəcən onun yolunu davam etdirir.
Atası F.Hacıyev sovet dönəmində ölkəmizdə bədii incəsənət əsərlərinin elmi bərpaçılığının banisi sayılırdı. O, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin özülünü qoyan, milli ixtisaslı kadrlar yetişdirən ilk şəxs idi. Elə atasının ilk tələbələrindən biri də Gülşən xanım olub. Bu vacib sahəni - köhnəlmiş, zədələnmiş bədii sənətə yardım etmək, müxtəlif bərpa əməliyyatlarını aparmaq işini ondan peşəkarcasına öyrənib.
40 ildən çoxdur ki, Gülşən xanım xalqımızın bədii incəsənət əsərlərinə yenidən həyat verməklə tariximizi, milli irsimizi yaşadır, mədəniyyətimizə xidmət edir. O, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində 30 il çalışıb, bu müddətin 13 ilini direktor işləyib.
G.Hacıyeva həm də istedadlı rəssamdır. Rəssamlığın müxtəlif janrlarında uğurlu əsərlər yaradır. 1974-cü ildən indiyə kimi müxtəlif sərgilərdə iştirak edir. Orijinal kompozisiyaları (qrafik, rəngkarlıq, tikmə-toxuma, keramika və s.) dərin düşüncələrə aparan emosional koloritli, lirik və ya məzəli mövzulu rəsmlər, dekorativ əşyalar bir sıra xarici ölkələrin qalereyalarını və şəxsi kolleksiyaları bəzəyir.
Rəssam 1983-cü ildən pedaqoji fəaliyyətlə də məşğuldur. Öncə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2003-cü ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş müəllim olaraq çalışır. Böyük həvəslə gənclərə bərpaçılığın, bədii əsərlərin texnologiyasını, təsviri incəsənətdə istifadə olunan materialların özəlliklərini, onların zədələnmə səbəblərini və ümumiyyətlə, ekspertiza incəliklərini öyrədir.
2000-ci ildə Türkiyənin ölkəmizdəki səfirliyinin dəvəti ilə ikiillik müqavilə əsasında Mersin Gözəl Sənətlər Universitetində rəsmdən dərs deyib, həm də italyan katolik kilsəsinin qədim ikonalarının və köhnəlmiş heykəllərinin üzərində uğurlu bərpa işləri aparıb. O illərdə soydaşımız Ankarada fərdi sərgisini açıb, yaratdığı əsərlərlə sənətsevərləri sevindirib.
Rəssamın axırıncı sərgisi isə 2015-ci ildə V.Səmədova adına sərgi salonunda baş tutub. Bu sərgidə müxtəlif janrlarda yaratdığı 100-dən artıq əsər nümayiş etdirilib. G.Hacıyeva ictimai fəaliyyəti ilə də seçilir. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1999-cu ildən isə Yaradıcı Qadınlar Assosiasiyasının vitse-prezidenti, 2013-cü ildən özünün yaratdığı “Reinkarnasiya” Bərpaçıların İctimai Birliyinin prezidentidir. 2010-cu ildə o, dövlət başçısının sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Soltan