Təsviri və tətbiqi sənət sərgiləri haqqında kitab işıq üzü görüb

“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

Vətənin müqəddəsliyini tərənnüm edən bu misralar ölməz şairimiz Məmməd Araza məxsusdur. Amma, etiraf etməliyik ki, varlığında yaradıcılıq eşqi, mənəvi dünyasında xüsusi istedadı olan insanların hər biri ilk növbədə öz təxəyyülündən süzülüb gələn ən gözəl düşüncələrini vətənə, doğma torpağa ünvanlayıb. İncəsənətin hansı sahəsinə nəzər salsaq, görərik ki, bu mövzuda nə qədər gözəl əsərlər var. Şairlər, bəstəkarlar, yazıçılar, dramaturqlar, rəssamlar, heykəltəraşlar üçün doğma vətənimiz ilham mənbəyidir. Dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin ölməz Səməd Vurğunun «Azərbaycan» şeirinin

Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan! -

misralarını kövrələrək məğrurcasına deməsi böyük dövlət xadiminin vətən sevgisinin ifadəsidir. Azərbaycanımızı müstəqil görmək arzusunu həyata keçirən dahi şəxsiyyət elm və incəsənətin bir çox sahələrinə dərindən bələd idi. Öz çıxışlarında incəsənət növlərinin tarixini dərindən öyrənməyin, bu istiqamətdə aparılan tədqiqatların vacibliyini vurğulayırdı. Elm və incəsənət xadimləri də onun müdrik tövsiyələrindən bəhrələnərək bir daha mədəniyyət tariximizin dünənini vərəqləyir, onları bu günün nailiyyətləri ilə əlaqələndirərək tarixi şəraitin incəsənətə təsirlərini üzə çıxarmağa çalışırlar. Müstəqillik dövründə təsviri və tətbiqi sənət sərgilərinin elmi araşdırılması da bu istiqamətdə görülən mühüm işlərdəndir.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin Elmi araşdırmalar şöbəsində hazırlanan kitab təsviri və tətbiqi sənətimizin erkən dövrlərindən bu günədək tarixinin ən maraqlı səhifələrini özündə ehtiva edir.
Kitab Azərbaycan Rəssamlar İttifaqının üzvü, müxtəlif beynəlxalq rəsm sərgilərinin təşkilatçısı və laureatı, mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev tərəfindən tərtib olunub. Kitabda 2015-ci il dekabrın 22-də Muzey Mərkəzində keçirilən təsviri və tətbiqi sənət nümunələrinin sərgisi işıqlandırılıb. Amma, bununla yanaşı, nəşrin əsas istiqamətlərindən biri bu sənət nümunələrinin tarixinin araşdırılmasıdır. Bu barədə sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Kübra Əliyevanın tədqiqatları əsasında kitabda zəngin bir tarix təqdim olunur.
«Azərbaycan sənətkarlığı dünən» adlı bölmədə e.ə. III minillikdən başlayaraq yaranan və zaman-zaman inkişaf edərək çağımızadək gəlib çatan təsviri və tətbiqi sənətkarlığın müxtəlif məqamlarından və bu günümüzlə bağlılığından bəhs olunur. Kitabdan sitat: «Əcdadlarımızın dünyagörüşünü özündə əks etdirən göy cisimlərinin təsviri bu günə qədər dövlətimizin milli atributu olan bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsviri kimi əks olunmaqdadır. Ulduz və ayın təsvirinə əsrlər boyu qadınlarımızın taxdığı «Ay-ulduz» adlanan sinəbəndlərdə, aypara formalı sırğalarda, xovlu xalçaların üzərindəki səkkizguşəli ulduz şəklində və Gəncə, Qazax, Naxçıvan, Qarabağ və Quba xalçalarında rast gəlmək olar».
Bu nümunəni misal gətirərək təsviri və tətbiqi sənətin bu günlə bağlılığına keçid almaq istəyirik. Kitabın müvafiq bölməsində Elmi-Metodik Mərkəzin Elmi araşdırmalar şöbəsi tərəfindən hazırlanaraq sözügedən sərgidə təqdim olunan sənət nümunələri təhlil olunur, xırda başlıqlarla verilən sənətkarlıq nümunələrinin dünəni və bu günü qarşılaşdırılır. Dekorativ-tətbiqi sənət, bədii keramika, bədii tikmə, batika, vitraj, xalçaçılıq, həsir, qobelen və digər sənət növlərindən bəhs olunaraq bu istiqamətdə çalışan sənətkarların əl işlərinin sərgidən fotoları təqdim olunur.
Nəşr Azərbaycanda təsviri və tətbiqi sənətin dünəni və bu günü haqqında, habelə Azərbaycan incəsənətinin gələcək perspektivlərinin təzahürü baxımından qiymətli vəsaitdir.
Nəşr Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunub. Kitabın buraxılışına məsul şəxslər - Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə, tərtibçi - mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev, sənətşünaslıq elmləri doktoru Kübra Əliyeva, eləcə də kitabın çapa hazırlanmasında iştirak etmiş mərkəzin əməkdaşlarının ümumi zəhməti ilə ərsəyə gələn nəşr müstəqilliyimizin yubileyinə layiqli töhfədir.
Oktyabrın 19-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə kitabın təqdimatı keçirildi. Mərkəzin əməkdaşları kitabın ərsəyə gəlməsində əməyi olmuş həmkarlarını təbrik edərək onlara gələcək işlərində uğurlar dilədilər. Müstəqillik yolu ilə irəliləyən Azərbaycanımızın da yolu uğurlu olsun.

Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru