“Qarabağ: tarix və irs” beynəlxalq elmi konfransında məruzələr təqdim olunub

Noyabrın 10-da Bakıda işə başlayan “Qarabağ: tarix və irs” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimindən sonra “Qarabağ Ermənistanın hərbi işğalı altında: qiymətləndirmə və nəticələr” adlı sessiya keçirildi.

Sessiyanın moderatoru, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə mövzunun əhəmiyyətini yüksək dəyərləndirərək maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.
Xarici İşlər Nazirliyinin Regional təhlükəsizlik idarəsinin ikinci katibi Natiq Baxışov məruzə ilə çıxış edərək Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında geniş məlumat verdi. Qeyd olundu ki, SSRİ-nin dağılması ərəfəsində - 80-ci illərin sonlarından başlayaraq ermənilər Dağlıq Qarabağda separatçılıq meyillərini gücləndirdilər. Ölkəmizə qarşı elan olunmamış müharibə nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğal edildi. 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı.
Vurğulandı ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması tələb olunsa da, bu problem həllini tapmayıb. Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində tarix və mədəniyyət abidələrimiz, dini ibadət yerlərimiz talanır, hər il Azərbaycana külli miqdarda maddi ziyan vurulur.
Pakistanın Mühəndislik və Texnologiya Universitetinin professoru Noman Ahmed “Münaqişə zonasında irs” adlı məruzəsində dünyada baş verən münaqişələr nəticəsində mədəni irsin talan edilməsi, dağıdılmasına diqqət çəkdi.
Bildirdi ki, Azərbaycanın qarşılaşdığı problem Pakistan üçün də tanış mövzudur: “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra insanların öz yurdlarından qaçqın düşməsi, mədəni abidlərin dağıdılması bütün islam dünyası üçün ürək ağrıdan məsələdir. Eyni hadisələr Hindistanın işğalı nəticəsində Kəşmirdə də yaşanıb”.
Noman Ahmed vurğuladı ki, tarixi abidələrin dağıdılması, talan edilməsi bu gün də Yaxın Şərqdəki münaqişələrdə müşahidə olunur. Antik dövrə aid mədəniyyət nümunələri vandallıqla dağıdılır və xarici ölkələrə daşınır.
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Nazim Mustafa “Dağlıq Qarabağ və Azərbaycanının işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus toponimlərə qarşı erməni vandalizmi” adlı məruzə ilə çıxış etdi. O, XIX əsrin əvvəlində Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən işğal edilməsindən sonra ölkəmizə köçürülən ermənilər tərəfindən zaman-zaman toponimlərin dəyişdirilməsindən, özününküləşdirilməsindən söz açdı: “XIX əsrin 20-ci illərindən başlayaraq İrəvan xanlığının ərazisində məskunlaşan ermənilər XX əsrin əvvəllərinə kimi cəmi üç yaşayış məntəqəsinin adını dəyişmişdilər. Bunlardan biri də İrəvanın adı idi ki, onlar “Yerevan” deməyə başladılar. Həmin dövrdə bu ərazilərdə Azərbaycan dilində 2300 yaşayış məntəqəsinin adı var idi. Ümumilikdə isə 40 min Azərbaycan toponimi mövcud olmuşdur. Bunlara yaşayış məntəqələrinin adları ilə yanaşı, çay, dərə, dağ zirvələri və s. daxil idi”. Qeyd olundu ki, 2007-ci ilə olan məlumata əsasən Azərbaycan xalqına məxsus 10 mindən çox toponim erməniləşdirilib.
Sessiyada məruzələr ətrafında müzakirələr aparıldı.
Günün ikinci yarısında beynəlxalq konfrans “Tarixdə Qarabağ”, “Qarabağın memarlıq irsi” adlı sessiyalarla işini davam etdirdi.
Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi (IRCICA) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan beynəlxalq elmi konfransda noyabrın 11-də “Qarabağ incəsənəti və mədəni irsinin Azərbaycana identikliyi” adlı daha bir sessiya keçiriləcək. Bundan sonra konfransa yekun vurulacaq.

F.Hüseynov