Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov İran Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə Tehranda İran mətbuatı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisində iştirak edib. Noyabrın 5-dən 9-dək davam edən səfər zamanı Mətbuat Şurasının sədri bir sıra görüşlər keçirib.

Sərgidə ölkənin 900-dən çox qəzet, jurnal, informasiya agentliyi və jurnalist təşkilatı təmsil olunub. Tədbirin məqsədi İran media orqanları arasında əlaqəni gücləndirmək və xarici media qurumları ilə əməkdaşlıq yaratmaqdır. Açılış mərasimində prezident Həsən Ruhani çıxış edərək medianın cəmiyyət həyatında rolundan danışıb.
Səfər çərçivəsində Əflatun Amaşov İranın mədəniyyət və islam irşadı nazirinin müavini Hossein Entezami ilə görüşüb. Söhbət zamanı İran və Azərbaycan arasında münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olunub. İki ölkənin media qurumlarının əməkdaşlığının bu xüsusda rolu vurğulanıb.
Azərbaycan Mətbuat Şurası ilə İran Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və informasiya departamenti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Əflatun Amaşov və Hossein Entezami imzalayıblar.
Mədəniyyət və İslam İrşadı Nazirliyinin Xarici media ilə iş departamentinin direktoru Məhəmməd Cəfər Safi ilə görüşdə Azərbaycan və İranın media qurumları arasında münasibətlərdən, jurnalistlərin qarşılıqlı səfərlərindən bəhs edilib. Ə.Amaşov Mətbuat Şurasının İranın Azərbaycandakı səfirliyi ilə bu istiqamətdə yeni layihəyə başladığını söyləyib.
İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xodadi ilə görüşdə bildirilib ki, hər iki ölkənin jurnalistləri fəaliyyətlərində İran və Azərbaycan xalqlarının adət-ənənə yaxınlığına əsaslanan tarixi bağlılığı qorumağı hədəf seçməlidirlər.
Millət vəkili Əflatun Amaşov İran parlamenti sədrinin birinci müavini, parlamentin türk fraksiyasının rəhbəri Məsud Pezeşkian ilə də görüşüb. Ə.Amaşov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətini əks etdirən kitabı M.Pezeşkiana hədiyyə edib.