“Bizim tariximiz, ənənələrimiz və ölkəmizin multikultural inkişafı müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərin necə düzgün təşkil edilə biləcəyinin nümunəsidir”

Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Tədbirlərə 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları qatılıb. Bakıya Asiyanın 31 ölkəsindən 39 agentliyin, Avropanın 23 ölkəsindən 30 agentliyin, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin, habelə Avstraliyanın 3 agentliyini təmsil edən nümayəndələr gəlib.
Mərasimdə nitq söyləyən Prezident İlham Əliyev belə bir tədbirin Bakıda keçirilməsini eyni zamanda müstəqil medianın inkişafı sahəsində Azərbaycanın nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi kimi qiymətləndirib: “Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub”.
Bu il Azərbaycanın müstəqilliyinin bərpasının 25 ilinin tamam olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan müstəqil xarici siyasət aparan ölkədir və bu siyasət regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldilir. Bizim xarici siyasətimiz milli maraqlarımız üzərində qurulub və heç kəsə qarşı yönəlməyib. Eyni zamanda, Azərbaycan ləyaqətli ölkədir və bizim gələcəyimiz öz əlimizdədir.
Azərbaycanın eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olduğunu deyən Prezident xatırladıb ki, dünyada ilk dəfə 2008-ci ildə məhz bizim təşəbbüsümüz nəticəsində İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin birgə toplantısı təşkil edilib. Bu iki təsisat arasında yaranmış əməkdaşlıq və daha geniş hərəkat “Bakı prosesi” adı alıb və biz bununla fəxr edirik: “Həmin təşəbbüsün irəli sürülməsinə səbəb yalnız bizim hər iki təşkilata üzv olmağımız deyildi. Bizim tariximiz, ənənələrimiz və ölkəmizin multikultural inkişafı müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərin necə düzgün təşkil edilə biləcəyinin nümunəsidir. Azərbaycan isə multikulturalizmin yaxşı nümunəsidir. Yeri gəlmişkən, bu il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Bu, bizim dövlət siyasətimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir”. Prezident vurğulayıb ki, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər də dünyaya sülh və anlaşma mesajıdır: “Biz çoxsaylı beynəlxalq tədbirlər təşkil edirik. Onların sırasında hər il keçirilən Bakı Beynəlxalq Humanitar Forumu və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da var. Bu il biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdik. Nailiyyətlərimizin mühüm göstəricisi bu ilin oktyabr ayında Roma Papası Fransiskin Azərbaycana səfəri və çıxışında multikulturalizm və bizim nailiyyətlərimiz haqqında söylədiyi fikirlər olub. O, burada katolik kilsəsini, məscidi ziyarət etmiş, Azərbaycanın bütün dini icmalarının rəhbərləri ilə görüş keçirmiş və Bakıdan, bu zaldan dünyaya mədəniyyətlərarası və dinlərarası dialoqun dəyərləri ilə bağlı mesaj vermişdir.
Biz bunu xüsusilə də bugünkü dünyada etnik və dini zəmində qarşıdurmaların mövcud olduğu şəraitdə bir nailiyyət kimi qəbul edirik. Multikulturalizm iflasa uğramayıb və hesab edirəm ki, Azərbaycan nümunəsi bunu sübut edir.
Biz əməkdaşlıq və qarşılıqlı anlaşma gündəliyini təklif edirik. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycanda əmin-amanlıq hökm sürür, müxtəlif etnik və dini qrupların nümayəndələri sülh və ləyaqət şəraitində yaşayırlar. Eyni zamanda, bu, dünyaya bir mesajdır”.
Medianın beynəlxalq rolundan söz açan dövlət başçısı qeyd edib ki, medianın beynəlxalq hadisələrdə rolu gündən-günə artır və bununla yanaşı, məsuliyyət də artır: “Hamımız azad medianın tərəfdarıyıq. Təkcə bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən nələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var. Əminəm ki, siz bu məsələləri müzakirə edəcəksiniz və Bakı Konqresi fəaliyyətinizdə mühüm addım olacaq”.
Sonra UNESCO-nun baş direktoru xanım İrina Bokovanın videomüraciəti nümayiş etdirilib. UNESCO baş direktorunun müavini Qetaçyu Enqida çıxış edərək deyib ki, media icması üzv dövlətlərlə yanaşı, hamı üçün keçmiş və yeni media, reportyorlar və azad yazarlar, jurnalist və sosial media yaradıcıları üçün daha təhlükəsiz mühit yaratmaq məqsədilə birləşməlidir.
Fasilədən sonra açılış mərasimi çıxışlarla davam edib.
Dünya Xəbər Agentliklərinin V Konqresi noyabrın 17-də işini başa vurub.