Klod Monenin əsəri “Christie’s” hərracında satılıb

Noyabrın 16-da Nyu-Yorkdakı “Christie"s” hərracında incəsənət əsərlərinin növbəti satışı keçirilib. «İmpressionizm və modernizm incəsənəti» adlı hərracda 49 lotun ümumi təxmini dəyəri 200 milyon dollar təşkil edib.
Fransız rəssamı Klod Monenin «Ot tayası» tablosu hərracda 81 milyon dollara satılıb. Bu, Monenin hərracda satılan işlərinin yeni rekord göstəricisidir. Əvvəlki rekord (80,4 milyon dollar) 2008-ci ildə qeydə alınmışdı.
Ümumilikdə rəssamın «Ot tayası» seriyasından 25 rəsm əsəri var. “Christie"s” hərracında satışa çıxarılan bu rəsm şəxsi kolleksiyada qalan əsərlərindən biri sayılır.
Rus rəssamı Vasili Kandinskinin “Sərt və əyilmiş” əsəri hərracda 23,3 milyona (başlanğıc qiymət - 18 milyon) satılıb. Bu da rəssamın əsərlərinin satışında rekord göstərici sayılır. 1935-ci ildə çəkilən bu əsər əvvəllər Solomon Quqqenhaymın kolleksiyasında olub. O, rəsmi 1936-cı ildə rəssamın özündən alıb.
Hərraca Pablo Pikasso və digər məşhur rəssamların da əsərləri çıxarılıb.

İlona Qubadova