“NUR Art House” açılışını sərgi ilə qeyd edəcək

Noyabrın 19-da İçərişəhərdə “NUR Art House” qalereyasının açılışı olacaq. Qalereya “Gəncliyin nəfəsi” adlı sərgi ilə qapılarını sənətsevərlərin üzünə açacaq.
Təşkilatçıların verdiyi məlumata görə, sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsi tələbələrinin əl işləri, o cümlədən ənənəvi xalçaçılıq, qobelen və batika işləri nümayiş olunacaq. Sərginin məqsədi gənc nəslin ənənə və müasirlik əsasında daha mükəmməl sənət əsərləri yaratmasına nail olmaqdır. Belə nümunələrdən biri texnoloji xüsusiyyətlərinə, kompozisiya və milli estetikanın ümumi prinsiplərinə görə xovsuz xalçalara çox yaxın olan qobelen sənətidir. Qobelen qısa zamanda sözün əsl mənasında milliləşib və estetik mədəniyyətimizin tərkib hissəsinə çevrilib. Sərgidə Aynurə Mahmudlu, Jalə Rəfili, Səbinə İsgəndərli, Nərgiz Abbasova, Aysel Süleymanova, Bürhan Qəhrəmanlı, Məryəm Hümbətova, Şəhla Abbasova və başqalarının əsərləri nümayiş olunacaq.
Təşkilatçılar ümid edirlər ki, “NUR Art House” qalereyası incəsənəti sevənlərin məkanına çevriləcək. Qalereyada dekorativ-tətbiqi və təsviri sənət əsərlərinin nümayişi, habelə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.