Azərbaycan

18 noyabr 2000 - Bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 - 2000) vəfat edib. «Hicran», «Bildirçinin bəyliyi», «Bankir adaxlı» və s. musiqili komediyalarının, populyar mahnıların müəllifidir. Televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm... bağışla” və s.) musiqi yazıb.

19 noyabr 1915 - Bəstəkar, tarzən Hökumə Yusif qızı Nəcəfova (1915-2002) Bakıda anadan olub. "Kaş ki, gözəl olmayaydım", "Səninləyəm", "Ceyran balası" və s. populyar mahnıların müəllifidir.
19 noyabr 1935 - Dilçi alim, professor Zemfira Nadir qızı Verdiyeva (1935 - 8.11.2010) anadan olub. Xarici Dillər İnstitutunun (indiki Dillər Universiteti) rektoru olub.

20 noyabr 1910 - Yazıçı Məmmədəli Hüseyn oğlu Tarıverdiyev (1910 - 24.09.1985) Ordubad rayonunun Dəstə kəndində doğulub. “Kölgəli dağ”, “Qəmküsar” pyeslərinin müəllifidir.
20 noyabr 1930 - Aktyor Gündüz Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, "Telefonçu qız", “Dədə Qorqud”, "Doğma sahillər" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Hekayələr yazıb, tərcümələr edib.
20 noyabr 1930 - Ədəbiyyatşünas, publisist, professor, Əməkdar elm xadimi Qulu Qasım oğlu Xəlilov (1930 - 18.11.1995) anadan olub.
20 noyabr 1935 - Xanəndə, Xalq artisti Qədir Çərkəz oğlu Rüstəmov (1935 - 14.12.2011) Ağdam rayonunda anadan olub. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdıoğlu rolunda çəkilib.
20 noyabr 1975 - Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb.

21 noyabr 1926 - Ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru Nadir İsmayıl oğlu Vəlixanov (1926-1995) Şuşada anadan olub. Uşaq və yeniyetmələr üçün hekayə və povestlərin müəllifidir.

22 noyabr 1933 - Yazıçı-jurnalist Firudin Balakişi oğlu Ağayev (1933-1995) Lerik rayonunda doğulub. Əsərləri əsasında “Skripkanın sərgüzəşti”, “İşarəni dənizdən gözləyin” və s. filmlər çəkilib. Televiziyada “Səhər görüşləri” verilişinin yaradıcılarından biri olub.
22 noyabr 1922 - Bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (1922-1984) Gəncədə doğulub. Simfonik muğam janrının yaradıcısı (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz” və s.), “Sevil” operası, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu” və s. əsərlərin müəllifidir. «Min bir gecə» baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi yazıb.
22 noyabr 1933 - Kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (1933 - 12.7.2006) Şəkidə doğulub. “Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s. filmlərin quruluşçu operatoru olub. Rejissor kimi “Qatır Məmməd”, “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə”, “Otel otağı”, “Həm ziyarət, həm ticarət” və s. filmləri çəkib.
22 noyabr 1922 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 - 12.12.2007) Bakıda anadan olub. Kitabları: “General”, “Ləpədöyəndə”, “Burulğanlar”, “Çəmbərəkənd balladası” və s.
22 noyabr 1938 - Xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədov (1938 - 26.8.2003) Salyan rayonunda anadan olub. Kinoda çoxsaylı obrazlar qalereyası yaradıb: “Böyük dayaq”, “Arşın mal alan” (1965), "Bir cənub şəhərində", “Gün keçdi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Axırıncı aşırım” və s.
22 noyabr 1940 - Müğənni, skripkaçı, Əməkdar insəsənət xadimi, professor Rauf Zülfüqar oğlu Adıgözəlov (1940 - 29.6.2002) anadan olub.
22 noyabr 1950 - Bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Rəhim oğlu Quliyev Şəkidə doğulub. Simfonik əsərlər, tamaşalara, filmlərə (“Fəryad”, “Qəm pəncərəsi”, “Sübhün səfiri” və s.) musiqi yazıb, yüzlərlə mahnı bəstələyib.

Dünya

18 noyabr 1786 - Alman bəstəkarı və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber, 1786-1826) anadan olub.
18 noyabr 1860 - Polyak bəstəkarı və pianoçusu İqnasi Yan Paderevski (Ignacy Padereweski; 1860-1941) anadan olub.
18 noyabr 1927 - Rusiya kinorejissoru, ssenarist, dramaturq, SSRİ-nin Xalq artisti Eldar Aleksandroviç Ryazanov (1927 - 30.11.2015) anadan olub. Filmləri: “Karnaval gecəsi”, “Avtomobildən qorun!”, “İtalyanların Rusiyada qeyri-adi macəraları”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, "İki nəfər üçün vağzal", “Qaraj” və s.

19 noyabr 1528 - İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528-1588) anadan olub.
19 noyabr 1900 - Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers - əsl adı Netty Reiling, 1900-3.6.1983) anadan olub. Əsərləri: “Fevralda yol”, “Yeddinci xaç”, “Ölmüş qızların gəzintisi”, “Dar ağacında işıq” və s.
19 noyabr 1903 - Baletmeyster və pedaqoq, SSRİ Xalq artisti Asaf Mixayloviç Messerer (1903-1992) anadan olub.
19 noyabr 1962 - Amerika kinoaktrisası Codi Foster (Alicia Christian «Jodie» Foster) anadan olub. İki dəfə “Oskar” mükafatına (“Müttəhimlər” (1988), “Quzuların susması” (1991) layiq görülüb.

20 noyabr Dünya Uşaq Günüdür (Universal Children"s Day). BMT Baş Assambleyası tərəfindən təsis edilib. 1959-cu il 20 noyabrda “Uşaq Hüquqları Bəyannaməsi”, 1989-cu ilin həmin günündə isə “Uşaq hüquqları Konvensiyası” qəbul olunub.
20 noyabr 1890 - Amerika aktyoru Robert Armstronq (Robert Armstrong, 1890-1973) anadan olub.
20 noyabr 1910 - Rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (9.9.1828 - 1910) vəfat edib. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” romanları, “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” povestləri, “Qaranlığın hakimiyyəti”, “Canlı meyit” pyesləri və s.
20 noyabr 1925 - Rus balerinası, xoreoqraf, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Mayya Pliseskaya (1925 - 2.5.2015) anadan olub. Uzun illər Rusiya Böyük Teatrının prima-balerinası olub.
20 noyabr 1927 - SSRİ Xalq artisti Mixail Ulyanov (1927 - 26.3.2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Qaçış”, “Voroşilov nişançısı”.

21 noyabr “Dünya televiziya günü”dür. 1996-cı il noyabrın 21-də BMT-də ilk dünya televiziya forumunun keçirilməsi ilə bağlı təşkilatın Baş Assambleyası tərəfindən (17 dekabr 1996) təsis edilib.
21 noyabr 1694 - Fransız mütəfəkkiri, şair, yazıçı-dramaturq, tarixçi Fransua-Mari Volter (Fransua-Mari Arue François-Marie Arouet; 1694 - 30.5.1778) anadan olub. Əsərləri: “Edip”, “Brut”, “Sezar”, “Zadiq və ya tale”, “Mikromeqas”, “Kandid”.

22 noyabr 1869 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1947) laureatı Andre Pol Qiyom Jid (Andre Gide, 1869-1951) anadan olub.
22 noyabr 1916 - Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 12.1.1876 - 1916) vəfat edib. “Martin İden”, “Dəmir daban”, "Dəniz canavarı" və s. romanların müəllifidir.

Hazırladı: Vüqar Orxan