"Zamanla üz-üzə" layihəsinin payız konsertləri davam edir
   
   Dekabrın 2-də "Zamanla üz-üzə" layihəsinin Azərbaycan Dövlət Filarmoniyasında keçirilən ikinci konsertində Əli Əlizadə (Azərbaycan), Valentin Silvestorov (Ukrayna) və Giya Kançelinin (Gürcüstan) əsərləri səsləndi. Əsərləri tanınmış Ukrayna bəstəkarı və dirijoru Vladimir Runçakın idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestri ifa edirdi.   
   Konsertin birinci hissəsində 1999-cu ildən Türkiyənin Van şəhərində Yüzüncü İl Universitetində pedaqoji fəaliyyət göstərən bəstəkar Əli Əlizadənin "Serenata dolore" (latın dilində "İztirab nəğməsi") və Valentin Silvestorovun 3 hissəli "Piano və orkestr üçün Postludio" əsəri səsləndi. Solist Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova idi. 
   “Serenata dolore" Şərq və Qərb - iki din, iki mədəniyyət, iki sivilizasiya arasında əbədi qarşıdurma mövzusuna musiqinin baxışını əks etdirir. Bu qarşıdurma nə qədər fərqli səslənsə də, sonucda bir-birilə səsləşir, bu dünyadakı yaşamının faniliyini dərk edən hər kəsin həm də bir-birinə oxşadığını ifadə edir. 
   Ukrayna bəstəkarı Valentin Silvestorovun musiqiyə gəlişi asan olmayıb. Üstəlik, 60-cı illərin əvvəlində bədii prinsipləri sosializm realizminə zidd olan avanqradçı bəstəkarların "Kiyev qrupu"na daxil olduğu üçün Bəstəkarlar İttifaqından xaric edilir. Sovet ideologiyasını qəbul etməyən bir sıra sənətkarlar kimi Silvestorov da dünyada daha çox tanınmağa başlayır. 
   Konsertin ikinci hissəsində görkəmli gürcü bəstəkarı Giya Kançelinin dahi italyan rəssamı, heykəltəraş və memarı Mikelancelonun anadan olmasının 500 illiyinə həsr etdiyi 4-cü simfoniyası ("İn memoria de Mishelangelo") səsləndi. 
   Konsertdən sonra bizim musiqi ictimaiyyətinin "Azərbaycan musiqisinin dostu" adlandırdığı ukraynalı qonağımız Vladimir Runçakla ayaqüstü də olsa söhbət etdik. Söhbətə elə onun bizim musiqinin dostu olması barədə fikirlə başlayanda bəstəkar güldü: 
   - Onsuz da düşmənimiz çoxdu, biz gərək bir-birimizlə dost olaq. Azərbaycan solistləri, orkestrləri ilə əməkdaşlıq etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Ukraynada festivalda iştirak edən "SoNor" ansamblı ilə tanışlıq mənim Azərbaycan musiqiçiləri ilə yaradıcılıq münasibətimin təməlini qoydu.
   - Sizi ara-sıra Bakıda görürük. Bu həftə artıq iki konsertə dirijorluq etdiniz. "Zamanla üz-üzə" layihəsini necə qiymətləndirirsiniz? 
   - Artıq neçənci dəfədir ki, Bakıda çıxış edirəm. Çox yaxşı haldır ki, Mədəniyyət və Turizm Nazirliyi müasir Azərbaycan musiqisini yaradan və ifa edən musiqiçiləri dəstəkləyir, təbliğ edir. Mən çox ölkələrdə olmuşam. Sözdə dövlətin, hökumət qurumlarının sənəti dəstəklədiyini, amma əslində isə sənətkarlara arxa durmadığını az görməmişəm. Şükürlər olsun ki, Azərbaycanda belə deyil. Azərbaycan bu cür layihələrə vəsait ayırmaqla, belə konsertlər təşkil etməklə inkişaf etmiş sayılan, amma sənət layihələrinə pul tapmayan ölkələrə nümunə göstərir. Bu işin gərəkli olduğunu anlayan ixtiyar sahiblərinə minnətdarlığımı bildirirəm. 
   - Bayaq sizin görkəmli bəstəkar Fərəc Qarayev ilə çox səmimi münasibətiniz diqqətdən yayınmadı...
   - "Zamanla üz-üzə" layihəsini düşünən, sizlərə bəxş edən, bizim hamımızı Bakıya yığan təşəbbüskar Fərəc Qarayevdir. O, dahi atanın böyük istedad sahibi olan oğlu, nəinki gənc, həm bütün həmkarlarının əsl dostu, onların əsərlərinin çalınmasına nail olan layihə rəhbəri, həm də çox təvazökar insandır. Mən proqram tərtib ediləndə onu xeyli dilə tutdum ki, gəl, heç olmasa, sənin bir əsərini də çalaq. Razılaşmadı ki, qoy başqa bəstəkarların əsərləri ifa edilsin. Halbuki mən dəfələrlə ən müxtəlif layihələrdə, festivallarda bunun əksini görmüşəm. Əslində mən bunda pis heç nə görmürəm. Yaradıcı insan özünü tanıtmaq istəyir. Amma Fərəc Qarayev kimi böyük və təvazökar sənətkarlar həm də başqaları üçün çalışırlar. Allah onun yaxşı əməllərinin əvəzini yetirsin. 
   Yaxşı adam sözünün üstünə gələr, deyiblər. Söhbətimizin bu yerində qapı açılır, görkəmli bəstəkar otağa daxil olur. Fürsətdən istifadə edib Fərəc müəllimin layihə barədə fikirlərini öyrənirik: 
   - Festivalın iki konserti artıq baş tutdu. Məncə, bu konsertlər yaxşı səviyyədə keçdi. Qarşıda hələ iki konsertimiz var. Avstriyadan bəstəkar-dirijor Roland Freisitzer, alt ifaçısı Yuliya Purgina qonağımız olacaq. Zənnimcə, bu konsertlər də çox maraqla qarşılanacaq. Hər kəsi dəvət edirəm. Buyurun, gəlin, maraqlı konsert olacaq. 
   
   G.Mirməmməd