Çağrısı “millət uğrunda!”, məramı milli istiqlal olmuş Adil xan Ziyadxanov 
   
   Gözünü açıb ev-eşiyində yüksək dolanışıq, maddi-mənəvi zənginlik görənlərin milli davalara meyl etmələri “psixo-məntiq”ə əl verən əməllərdən hesab olunmur. Ancaq bu “kontr-zənginlik”lərdən olmuş A.Ziyadxanovu, sonralar bolşeviklər nəinki öz memarlıq yaraşığı və genişliyinə görə Kirovabad (Gəncə) Tarix-diyarşünaslıq muzeyinə çevirdikləri Ziyadxanovlar mülkündən, hətta Azərbaycandan didərgin salıblar...
   Söhbət, müasir oxucu, tamaşaçı və dinləyicilərin az qisminə tanış olsa da, dövrünün millət mücahidlərinin əsas simalarından, Qafqaz Müsəlmanları Şurasının 7 üzvündən biri, yaradılmasına böyük əməli-mənəvi əmək sərf etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi, məşhur diplomatı olmuş, adı “Türk dünyasının məşhurları” şərəfnaməsinə düşmüş Adil xan Ziyadxanovdan gedir. 
   Tarixən tək elə ədəbiyyat-sənət yurdu kimi yox, həm də milli-mənəvi dür-düşüncə ilə yaşamış qədim Gəncəmizdə doğulmuş (1872) Adil xan Ziyadxanov rus işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb şəhid olmuş Cavad xanın nəticəsi, öz qəhrəmanlığı və səxavətilə mahalın məşhurlarından olmuş Əbülfət xanla şahzadə Bəhmən Mirzə Qacar qızı Azər Humayun xanımın oğludur. 
   İlk təhsilini xüsusi müəllim yanında almış Adil xan təhsilini Gəncə mədrəsəsi, Tbilisi gimnaziyası və Moskva Dövlət Universitetinin Hüquq fakültəsində davam etdirib. Universiteti bitirib vətənə dönən Adil xan ixtisası üzrə əmək fəaliyyətinə başlasa da, milli qəlb çağrıları onu başqa bir fəaliyyətə səsləyib və o elə bu sahədə - sonda adını müqəddəs “Cümhuriyyət dəftəri”nə yazıb məşhurlaşdırası ictimai-siyasi fəaliyyətə qədəm qoyub.
   Hansısa qaibanə sədalar səbəbilə fars, rus, fransız, ingilis dillərini də mükəmməl öyrənmiş və xarici ölkələrdə çap olunan qəzet, jurnal və kitabları müxtəlif yollarla Gəncəyə gətirtdirib oxuyan gənc millətçi 1905-ci ildə Bakıda (xeyriyyəçi H.Z.Tağıyevin vəsaiti və Ə.Topçubaşovun redaktorluğu ilə) rus dilində nəşr olunan “Kaspi” qəzetinə məqalələr yazır. Qafqaz müsəlmanları adından II Nikolayın ünvanına hazırlanmış (Qafqaz müsəlmanlarının siyasi-sosial-iqtisadi ehtiyaclarının, yerli və müstəqil bələdiyyə, vilayət məclisi, “kənd idarə heyətləri” yaradılmasının vacibliyini vurğulayan) petisiyanı ilk imzalayanlardan biri və bu münasibətlə Hacıkənd yaylağında keçirilən toplantının əsas təşkilatçısı Adil xan olub. Xalq kütlələrini maarifləndirmək, seçkilərə hazırlamaq və s. üçün yaradılmış 5 nəfərlik qrupun ən fəal üzvü olan A.Ziyadxanovun apardığı səmərəli işlər də öz bəhrəsini vermiş, Gəncə bələdiyyəsinə 55 müsəlman seçilmişdi. Çar üsul-idarəsi bu nümayəndələri tanımaq istəmədiyini bildirsə də, Adil xanın əməli-hüquqi səylərilə qrup öz iclaslarını davam etdirmiş, hədəflərinə nail olmuşlar.
   
   Cümhuriyyət ərəfəsi
   
   Ötən əsrin əvvəllərində Qafqazı bürümüş erməni-müsəlman toqquşmalarını yatırmaq üçün 1906-cı ildə Tbilisi canişininin rəhbərliyilə keçirilən “münaqişəni nizamlama” yığıncağında millətimizin mənafeyini görünməmiş bir qətiyyətlə müdafiə edən, Gəncədə yaradılan “Difai” (müdafiə) təşkilatının fəallarından, Şamaxı bölgəsində bolşeviklərlə birləşmiş erməni və malakan silahlı dəstələrinin müsəlmanları kütləvi qırımı xəbərinə Gəncədən göndərilən silahlı könüllülərin əsas təşkilatçılarından olan, 1908-ci ildə Avropa ölkələrinə səyahət edərək gördüklərini “Avropaya üç aylıq bir səyahətim” adıyla nəşr etdirən bu qaynar təbiətli soydaşımıza tale böyük Cümhuriyyət qisməti də yazıbmış... 
   1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti yaradılması xəbərindən başlayaraq, yeni yaranmış hökumətin möhkəmlənməsi, ölkə daxilindəki qarışıqlığa son qoyulması üçün əllərindən gələni əsirgəməyən vətənpərvər oğullardan biri olur Adil xan Ziyadxanov. O, 1918-ci il oktyabrın 30-da təşkil edilən yeni hökumət kabinetində xarici işlər nazirinin müavini təyin edilir (əslində isə nazir vəzifəsini icra edir; həmin vaxt nazir Ə.Topçubaşov İstanbulda idi və oradan da 1919-cu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin başçısı kimi Paris sülh danışıqlarına getdi).
   Gənc dövlətin xarici siyasətinin formalaşmasında böyük əməyi olan Adil xan Ziyadxanov 1918-ci ilin noyabrında Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı V.Tomsonu Azərbaycan hökuməti adından qarşılayıb danışıqlar aparmışdı.
   A.Ziyadxanovun şəxsi xarakter və işgüzar fəaliyyət keyfiyyətlərindən danışırkən bu fakt da vurğulanmalıdır ki, Fətəli xan Xoyski Baş nazir və xarici işlər naziri təyin ediləndə məhz - gənc dövlətin xarici siyasətinin formalaşmasında mühüm işlər görmüş bu adamı özünə müavin götürmüşdür. 
   O, qonşu dövlətlərlə münasibətləri stabilləşdirməyə çalışmaqla yanaşı, Azərbaycan dövlətinin dünyaya tanıdılması işində də çox çaba sərf etmişdir. Bu məqsədlə türk və fransız dillərində yazdığı “Azərbaycan” kitabının 2 min nüsxəsini 1919-da Parisə - Versal sülh konfransı iştirakçılarına göndərmiş, nümayəndə heyətinin başçısı Ə.Topçubaşov isə həmin kitabın Avropa ölkələrində, ABŞ-da yayılmasını təmin etmişdir. 
   Bolşeviklərə və müxtəlif yönlü təşkilatlara xidmət edənlər gənc Azərbaycan dövlətinin yeritdiyi siyasəti kəskin tənqidlərə məruz qoyanda A.Ziyadxanov yazırdı: “Bakıda 10 min silahsız müsəlmanın, uşağın, qadının, qocanın qanı axıdıldı. Təəssüf ki, bu qanlı faciədə başıpozuq rus soldatları da nədənsə birdən-birə dönüb, bolşevik oldular. Bəs o zaman demokratiya əsaslarını özlərinə şüar və iqtibas edən cənablar harada idi ki, paytaxtımızın küçələri fəhlə meyitləri ilə dolmuşdu. Aşkardır ki, ermənilər bolşevik adı və bayrağından istifadə edib, milli ədavət üzərindən müsəlmanlara atəş açmışdı...”
   Bəllidir ki, ilk müstəqilliyinin elanından sonra Azərbaycana qarşı təpkilər göstərən dövlətlərin sayı da artmışdı. Belə mövqeləri yumşaltmaq üçün Azərbaycan hökumətinin atdığı addımlardan biri xarici ölkələrdə səfirlik-nümayəndəliklərin yaradılması idi. 
   1919-cu ilin 16 iyununda Tehranda Azərbaycan diplomatik nümayəndəliyinin yaradılması haqqında qərar verilir və nazir müavini A.Ziyadxanov səfir təyin edilir. Avropaya səfərə çıxarkən 1919-cu ilin 16 avqustunda yolüstü Bakıda dayanan və Bakıdan qatarla yola düşən İran şahını Adil xan Ziyadxanov Batuma qədər müşayiət edir. Yolda Ziyadxanov İranın yeni xarici islər naziri F.M.Nusrətüddövlə ilə dünyanın mövcud durumu mövzusunda söhbətlərində öz geniş erudisiyası ilə qonşu ölkənin hökumət başçılarında, müstəqil Azərbaycan Cümhuriyyəti təmsilçilərindən biri olaraq, yüksək təəssürat yaratmış olur. 1920-ci il yanvarın 14-də Bakıda keçirilən şənliklərdə çıxıs edən İran konsulu Təbatəbai bildirir ki, İran yaxın günlərdə Azərbaycan Cümhuriyyətini rəsmən tanıyacaq...
   İranda olarkən A.Ziyadxanov “Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti” adlı kitabını yerli soydaşlarımız arasında paylayır, Azərbaycanın azadlıq uğrunda çarpışmalarından ətraflı söz açdığı ikihissəlik “Qələmin uçuşu” kitabını isə fars dilində nəşr etdirir. 
   Cümhuriyyət süquta uğradıqdan sonra bolşeviklər qardaşını - diplomat və dövlət xadimi İsmayıl xanı güllələsələr də (və Azərbaycandakı bütün mal-mülklərini müsadirə etsələr də), o, diplomatik fəaliyyətini davam etdirmək istəyib. Lakin 1921-ci ildə diplomatik fəaliyyəti dayandırılıb və o, İranda qalaraq müxtəlif işlərdə çalışmalı olub.
   1934-cü ildə Türkiyəyə köçən A.Ziyadxanov İstanbul Universitetində dərs deyib, keçmiş mübarizə yoldaşları ilə birgə Azərbaycan davasına töhfələr verməyə çalışıb və 1954-cü ildə İstanbulda vəfat edib...
    
   Tahir Abbaslı