Tiflo və surdo şərhli cizgi filmlərinin təqdimatı
   
   Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino xidməti idarəsi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin birgə təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbir keçirilib.
   Dekabrın 2-də Nizami Kino Mərkəzində baş tutan tədbirdə “Sərhədsiz incəsənət” layihəsi çərçivəsində eşitmə, görmə və nitq qüsuru olan uşaqlar üçün tiflo və surdo şərhlə müşayiət olunan “Sehrlənmiş küpə”, “Şahzadə - qara qızıl” və “Taya” cizgi filmlərinin təqdimatı olub. Məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan insanların həyatında son dərəcə əhəmiyyətli olan bu sahənin inkişaf etdirilməsidir.
   Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino xidməti idarəsinin rəisi Gültəkin Nəriman çıxış edərək bir il ərzində layihə çərçivəsində dörd tədbir keçirdiklərini deyib. Bildirib ki, əlilliyi olan insanların əksəriyyəti cəmiyyətdən təcrid olunur. Bu problemi təkcə onlar deyil, bu şəxslərin ailə üzvləri də yaşayır. Layihənin məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətdə hərtərəfli inkişafının təmin edilməsi, onların informasiya alma imkanlarının genişləndirilməsi və həyat tərzinin yaxşılaşdırılmasına yardım etməkdir.
   Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev belə filmlərin hazırlanmasının vacibliyini qeyd edərək, “Sərhədsiz incəsənət” layihəsinə dəstək olduqlarına görə Bakı Şəhər İcra Hakimiyyətinə minnətdarlıq edib.
   Ombudsman Aparatının əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqabil Mahmudov bildirib ki, ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin problemlərinə yönəltmək baxımından bu günün əhəmiyyətini qeyd edib.
   Tədbirdə gözdən əlil ifaçılardan ibarət “Duyğu” xalq çalğı alətləri instrumental ansamblının çıxışı dinlənilib.
   Sonda tiflo və surdo şərhlə müşayiət olunan “Siçan və pişik” cizgi filmi nümayiş olunub. 
   
   İnternat məktəbin şagirdləri muzeyin qonağı olub
   
   Azərbaycan Milli İncəsənət Muzeyində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və “Güvən” Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.
   Əlillərin cəmiyyətə inteqrasiyası, mədəni həyatlarının yaxşılaşdırılması məqsədilə Şüvəlan qəsəbəsindəki 2 nömrəli internat məktəbinin şagirdləri muzeyin qonağı olublar. Uşaqlara muzey haqqında ətraflı məlumat verilib. Tədbir əyləncəli oyunlarla davam edib.