Dekabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi, bəstəkar Zakir Bağırovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
   Filarmoniyadan bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə bəstəkarın həyat və yaradıcılığının əks olunduğu fotosərgi də açılacaq.
   Gecədə Elşad Bağırovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək. Konsertdə Xalq artisti Murad Adıgözəlzadənin ifasında pianoda bir sıra əsərlər dinləniləcək.
   Qeyd edək ki, 1916-cı il martın 16-da Şuşada anadan olan Zakir Bağırov bəstəkarlıq fəaliyyəti ilə yanaşı, musiqi folklorumuzun toplanması və nota salınması sahəsində mühüm xidmətlər göstərib. O, 1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında “Rast”, “Dügah” və “Segah” muğamlarını nota yazıb və çap etdirib. Bəstəkarın 1972-ci ildə Səməd Vurğunun eyniadlı əsəri əsasında yaratdığı “Aygün” operası musiqi mədəniyyətimizin gözəl nümunələrindəndir. Zakir Bağırov teatr tamaşalarına və filmlərə musiqi yazıb. “Aygün”, “Bərəkətli torpaq”, “Bizim Azərbaycan” və başqa bədii və sənədli filmlərin musiqisi ona məxsusdur.