Tək elə təbiətən, fitri istedadən, “ixtisasən” yox, şəxsi hal-əhvalən də şair...
   
   Əlli illik yaradıcı ömründə “Sağlığında qiymət verin insanlara”, “Ayrı-ayrı doğulduq bu dünyada, axır gəlib bir olduq bu dünyada” kimi misralarıyla virtual quruluşlara ictimai-fəlsəfi mesajlar vermiş, “Evimizə gəlin gəlir, Sığallayıb telin, gəlir” biçimli nəzmlərilə poetik-estetik xəlqi görüşlər, “Çox-çox adi dolanan, Gələcəyə inanan - Tələbə, tələbə” qəlibli qənaətlərilə məntiqi yürüşlər etmiş bu şair öz xarakter-xasiyyət aləmilə seçkin ailə başçısı, iş yoldaşı, milli sayğı-duyğulu ziyalı da olub.
   Kitabları uzun illər “stolüstü”lərdən olmuş, gözəl-gözəl, möhürbəndi mətnləri hələ də mahnılar brendi sayılan bu şairin, istər-istəməz diqqət kölgəliyində qalan həyat və əməl aləmindən qısa və -
   
   Nəsri “misralar”...
   
   1933-cü il martın 12-də Xızı rayonunun Upa kəndində anadan olmuş Cabir orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumunda təhsil alıb. 1952-ci ildə indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olan bu istedadlı, müxtəlif mövzulu şeirlərilə dövri mətbuatda müntəzəm çap olunan gənc bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsilə Moskvaya - M. Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və həmin ali məktəbi bitirdikdən sonra vətənə dönüb. 1958-ci ildə “Bakı” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan şair tezliklə ədəbi ictimaiyyət və rəhbərliyin diqqətini cəlb edib. 1967-ci ildə o, “Azərbaycan” ədəbi-bədii jurnalının redaktoru (sonralar müəlliflərin ayrıca “Cabir Novruz dövrü” adlandıracaqları) vəzifəsinə çəkilib. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin katibi işləyib, 90-cı illərin əvvəllərində “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olub. 
   Yüksək mənəvi duyğular, ictimai-əməli iddialarla yaşamış bu ziyalı şair öz yaradıcılığı ilə xalqın vətənpərvərlik, mübarizlik, milli-mental ruhunun yüksəliminə mühüm poetik və nümunəvilik töhfələri verib. Millətimizə Vətənin taleyi üçün “daimi müqəddəs narahatlıq hisləri”, böyük azərbaycançılıq ideyaları aşılayıb. 
   Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib nəşr olunmuş şair həm də onlardan dilimizə çevirdiyi gözəl nümunələrlə Azərbaycan oxucusunun diqqət və rəğbətini qazanıb.
   Cabir Novruzun ictimai fəaliyyəti də diqqətəlayiqdir; həyatının bütün mərhələlərində respublikamızda gedən ictimai-siyasi proseslərin də fəal iştirakçısı olmuş şair, taleyüklü hadisələrin düzgün qiymətləndirilməsində əsl vətəndaş-ziyalı mövqeyi nümayiş etdirib.
   Ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilən Cabir Novruz Əməkdar incəsənət xadimi, Xalq şairi fəxri adlarına, Dövlət mükafatına, orden və medallara layiq görülmüş, 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmiş, Prezident təqaüdçüsü olmuşdur. 
   Yetmiş ilə yaxın ömrünün bütün şüurlu hissəsini poeziya, ədəbiyyat, sənət aləminə, milli ictimai-mədəni görəvlərə sərf etmiş şair 2002-ci il dekabrın 12-də əbədiyyətə qovuşmuşdur.
   Son cümlə ovqatına düşübən - “daha nə yazım” istixarəsində ikən, nitqimə belə bir fikir gəldi -
   
   Onun yazdıqlarından...
   
   Deməli, XX əsr Azərbaycan ədəbiyyatının parlaq bir səhifəsindən. Qədim milli ədəbi-bədii irsimizin zəngin ənənələrinin ən qabil müasir davamından. Ədəbiyyat aləmimizdə imzalandığı ilk illərdən yüksək bəşəri-mənəvi dəyərlərin tərənnümündən. Bədii-poetik ruhu, səviyyəsi, mövzu rəngarəngliyilə seçilən lirik və epik lövhələrdən. 
   Məlum birrəng, yeknəsəq dövrdə hər şəxsi-ictimai obraz-elementlərilə seçilmiş bu şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı, üzdə sovet, içdə Azərbaycan vətəndaşı ruhunun hakim olduğu poeziyası öz dil, bədii gözəllik və rəvanlığı ilə də səciyyələnir. Bu şair, vaxtaşırı olaraq, öz “qəribə” fikirlərilə bir-birini təkrar edən günlərə, aylara, rüblərə “məxlətə” qatır, tramvay-trolleybus monoyollu quruluşa monoloqlar söyləyirdi. Elələrindən biri də belə:
   
   Bir arzum var, ay adamlar, qoyun deyim,
   Sağlığında qiymət verin insanlara,
   Yaxşılara sağlığında yaxşı deyin,
   Sağlığında yaman deyin yamanlara.
   Yalnız, yalnız sağ olanda,
   Hər kəs əsl qiymətini bilər onda,
   Sağlığında sevindirin təmizləri,
   Sağlığında ifşa edin xəbisləri,
   Satqınlara sağlığında satqın deyin,
   Tülkü deyin tülkülərə, 
    Aslan deyin aslanlara.
   Sağlığında qiymət verin insanlara...
   Hər kəs bilsin öz yerini necə sağdır,
   Bu, pislərin həyatını qısaltmaqdır,
   Yaxşıların həyatını uzatmaqdır...
   
   Kitablarından birinin “ön söz”ündə “Neçə-neçə şeir kitabım çap olunsa da, yenə həyəcan içindəyəm; mən bu imtahandan necə çıxacağam?..” yazan şair əhatəsində olduğu müasir səviyyəli, onu sevməklə bərabər, həqiqətləri də yaxşı görüb-duyan “haqqı-həqiqi oxucular”a deyirdi: 
    
   Tək yaşamaq istəmirəm özüm üçün,
   Anam üçün, oğlum üçün, qızım üçün.
   Qoyun məndən inciməsin əzizlərim,
   İstəmirəm bir onlara gərək olum,
   İstəyirəm milyonlara gərək olum.
   Lazım olum insanların bu gününə,
    xoş vaxtına,
   Xəstəsinə, sağlamına, 
    bədbaxtına, xoşbaxtına...
   
   Poeziyası təbiilikdən, səmimi hisslərdən yoğurulan, ürəyi ilə dili, həyatı ilə əməlləri arasındakı ən cüzi fərqlərin də fərqinə varan Cabir Novruzun poeziyaya gəlişi səssiz-“küysüz” olmayıb və bu sevgili “xaos” onu ömrü boyu müşayiət edib. Haqqında yazılan məqalələrdə, kitablarına həsr edilən resenziyalarda tez-tez “Cabir Novruz təbiiliyi tərənnüm edir və çox sadə yazır” kimi qənaətlər də çoxdur və mən əlavə edim ki, o, buna qeyri-adi təbiiliklərlə nail olub - hətta insanları təbiiliyə çağrısında da: 
   
   Bu robotlar dövründə mən
   İstəyirəm təbiiliyi vəsf eləyim.
   Söyləyirəm;
   Alimlərin fikri olun,
   şairlərin təbi olun.
   Ey ilhamlı istedadlar,
   təbii olun.
   Ey fəhlələr, ey nazirlər,
   Üzü yeni, içi köhnə müasirlər,
   təbii olun.
   Vəzifədə əyləşənlər,
   adamların taleyinə qol çəkənlər,
   Təbii olun, təbii...
   
   Şair “Qərbi Berlin” panoram-poemasında - özündə əsrin ən bəlalı dramatizmini yaşadan İkinci Dünya müharibəsindən bəhs edən əsərində də qəlbinə məxsus lirizmdən “qaça” bilməyib. Həmin müharibədən 25-30 il keçməsinə (ötən əsrin 70-ci illəri) baxmayaraq, hələ də oğul yolu gözləyən analar, nənələr Almaniya səfərinə hazırlaşan poema müəllifinə vahiməylə “getmə ora!” deyirlər. Poemanın əvvəlində bu sədaların özünü də bir müharibə sədası kimi təqdim etməyə çalışan şair, faciəvi “lirizm”ə keçir: 
    
   Milyon-milyon
   adda ölən,
   Göydə, suda,
   odda ölən,
   Buludların qucağında,
   Ölüm adlı fabriklərin
   ocağında
   yananlara,
   Dəryaların diblərində
   batanlara,
   Parça-parça didilənə, 
   Tikə-tikə bölünənə,
   Bədəninin hər hissəsi
   bir məzara gömülənə
   ...Ehtiramla neçə kərə baş əyərək,
   Göz yaşımı yumruğumun
   arxasıyla
   silə-silə
   gəldim bura...
    
   Bu poetik və mübariz ömrün son sədalarından biri belə adlanır: “İxtiyarım olsa idi...” 
   Bu poema-ittihamı şairin “cəmiyyətdə, məmləkətdə baş verən hadisələrə biganə qala bilməməsi” də adlandırmaq olar. “Mən nə zamandır torpağı düşmən tapdağında qalan, ad-sanı xar olan bir şair, bir vətəndaş, bir azərbaycanlı kimi yanıb-qovrulur, az qala öz içimdə boğuluram. Gümanım isə bir qələmimə çatır”: 
   
   Bu qədər çal-çağır olar?!
   Belə unutqanlıq olar,
   Bu qədər bədyanlıq olar?!
   Torpaqlar al qan içində,
   Ekran toy-bayram içində.
   Analar ah-vay içində,
   Efirsə “bay-bay” içində.
   ...Necə yaşayıb-ölürük,
   Qarabağ xar olan yerdə?!
   Necə deyirik-gülürük,
   Şuşada sar olan yerdə?!
    
   Allah rəhmət eləsin...
   
   Tahir Abbaslı