Beyons 9 nominasiyada mükafata iddia edir
   
   Amerikada musiqi dünyasının ən nüfuzlu müsabiqəsi sayılan “Qremmi” mükafatlarına namizədlərin adları açıqlanıb. Mükafatın növbəti təqdimolunma mərasimi 2017-ci il fevralın 12-də Los-Anceles şəhərində keçiriləcək. 
   Müğənnilər Beyons və Adel «Qremmi» mükafatının üç əsas kateqoriyası üzrə nominasiyaya iddia edirlər.
   «İlin albomu» nominasiyasına «Lemonade» (Beyons), «25» (Adel), «Views» (Dreyk), «Purpose» (Castin Biber) və «Sailor's Guide to Earth» (Sterdjil Simpson) əsas namizədlərdir.
   «İlin mahnısı» nominasiyası uğrunda «Formation» (Beyons), «Hello» (Adel), «7 years» (Lukas Grehem), «I Took a Pill In Ibiza» (Mayk Pozner) və «Love Yourself» (Castin Biber) mübarizə aparacaqlar.
   Devid Bouinin ölümündən sonra 2016-cı ildə işıq üzü görən “Blackstar” albomu da «Qremmi» nominantları arasında yer alıb.
   Müğənni Beyonsun adı ümumilikdə 9 nominasiyada irəli sürülüb. Dreyk, Rihanna və Kanye Uest isə hərəsi səkkiz mükafat qazana bilər.
   Qeyd edək ki, “Qremmi” mükafatı 1958-ci ildə Amerika Səsyazma Şirkətləri Assosiasiyası tərəfindən təsis edilib. Mükafat 30 musiqi janrı üzrə 100-dən çox kateqoriyada təqdim edilir.
   
   İlona Qubadova