Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası ilə əməkdaşlıq
   
   Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası (QMXA) arasında əməkdaşlığa dair saziş imzalanıb.
   Akademiyadan bildiriblər ki, BXA-da keçirilən görüşdə iki akademiyanın təhsil pillələri, tədris planları və proqramları, buraxılış imtahanları, konsert fəaliyyəti, ustad dərsləri və bu kimi digər mühüm məsələlər barədə müzakirələr aparılıb.
   Vurğulanıb ki, əməkdaşlıq sazişi iki təhsil ocağı arasında təcrübə mübadiləsinə, müəllimlər arasında münasibətlərin qurulmasına zəmin yaradacaq.
   Akademiya ilə tanışlıqdan məmnunluğunu bildirən QMXA-nın prorektoru Cəmilə Tuleubayeva qeyd edib ki, BXA xoreoqrafiya sahəsində bir çox ölkələrdə müvafiq istiqamətdə fəaliyyət göstərən təhsil ocaqlarına örnək ola bilər. O, bu imkandan səmərəli istifadə edəcəklərini bildirib.
   BXA-nın yeni məşq zalları, auditoriyaları, inzibati və yeni tədris korpusları ilə tanış olan qonaqlar akademiyanın baş müəllimi Pullumb Ağalıyay və Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın klassik rəqs, baş müəllim, Xalq artisti Yusif Qasımovun milli rəqs dərslərində iştirak ediblər.
   
   Regionlarda seminarlar davam edir
   
   Bakı Xoreoqrafiya Akademiyasının təşəbbüsü ilə Ağdaş və Salyan rayonlarında mədəniyyət müəssisələri, musiqi məktəblərinin rəhbərləri və əməkdaşlarının iştirakı ilə “Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı” mövzusunda seminar keçirilib. Akademiyanın baş müəllimi, Xalq artisti Yusif Qasımov, kafedra müdiri, Əməkdar artist Sənan Hüseynli, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə seminarda çıxış edərək tədris ocağı haqqında, xoreoqrafiya və rəqs sənətinə dövlət qayğısı, akademiyanın uşaq və gənclərə təklif etdiyi imkanlar haqqında geniş məlumat veriblər. 
   Qeyd olunub ki, cari tədris ilində akademiyanın ali təhsil pilləsinin xoreoqrafiya ixtisası ilə yanaşı sənətşünaslıq, teatrşünaslıq, menecment və instrumental ifaçılıq ixtisaslarına qəbul həyata keçirilib. Növbəti tədris ilində musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, rəqs müəllimliyi, musiqi müəllimliyi və rejissorluq kimi ixtisasların açılması planlaşdırılır. Seminar iştirakçıları akademiyada açılması nəzərdə tutulan stajkeçmə kurslarına da böyük maraq göstərib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.