“Avatar”. Çoxları bu filmi 3D qrafikasında çəkilmiş ilk film hesab etsə də, əslində 3D filmlərinin tarixi heç kəsin ağlına gəlməyəcək qədər uzaqlara gedib çıxır. Hələ 1840-cı ildə ingilis ixtiraçısı Çarlz Vitston 3D görüntüləri göstərən ilk stereoskopu ixtira etmişdi. 
   
    Aradan 50 il keçdikdən sonra və bəzi uğursuz sınaqların ardınca fransalı fotoqraf Luis Dukos du Horon “analgyph” texnikasını daha da inkişaf etdirdi. Hər iki texnika bu gün də görüntülərin ölçülərinin dəyişməsində istifadə olunur.
   Uzun müddət fotoqrafların xüsusi diqqətində olan 3D, nəhayət, 1922-ci ildə özünə kinoda da yer tapdı. 1915-ci ildə Edvin S. Porter və Villiam E. Vaddel ilk 3D görüntülərini tamaşaçılara nümayiş etdirdilər. Niaqara şəlaləsi və ekzotik rəqslər ifa edən rəqqaslardan ibarət 3D kadrlar bəzi kinematoqrafçıları həvəsləndirdi və 1922-ci ildə çəkilən “Sevginin gücü” (“The power of love”) filmi kinoteatrlarda göstərilən ilk 3D filmi oldu. Lakin ondan sonra çəkilən bəzi 3D filmlər o qədər də keyfiyyətli olmadığından tamaşaçı diqqətini cəlb edə bilmədi.
   3D filmlərinin sonrakı inkişaf dövrü 50-ci illər oldu. 1952-ci ildə çəkilən və ilk rəngli 3D filmi sayılan “Bwana iblisi”(“Bwana Devil”) filminin nümayişi II Dünya müharibəsinin əzablarını unutmağa çalışan tamaşaçılar üçün maraqlı əyləncə oldu və bu filmdən sonra belə filmlərə böyük tələbat yarandı. Bununla da kino dünyasında 3D filmləri aktuallaşdı. Böyük populyarlıq qazanan 3D filmləri 10 il ərzində indikindən də yüksək gəlir gətirən bazara sahib oldu.
   Həmin illərin filmlərinə keçməzdən öncə o dövrün qorxu filmlərinin ən məşhur aktyoru Vinsent Price haqda bir neçə kəlmə qeyd etmək istərdim. Price “Dəli fokusçu”(“The mad magician”), “Təhlükəli missiya” (“Dangerous mission”), “Sindbadın oğlu” (“Son of Sinbad”) kimi 3D filmlərində çəkilərək populyarlıq qazandı. Onun bütün dövrlərdə yadda qalan “Mumiyalar evi” (“House of wax”, 1953) adlı ekran əsəri 3D texnikasında çəkilmiş ən yaxşı dəhşət filmi hesab edilir.
   
   Studiyalar arasındakı rəqabət
   
   Ümumiyyətlə o dövrün kino studiyaları tamaşaçını ekran qarşısında “tutub saxlamaq” üçün mövzu olaraq qorxu, dəhşət, fantastikaya yaxın ssenarilərə müraciət edirdilər. Warner Bross ilk 3D filmi çəkən studiya olmasına baxmayaraq, onun ardınca tez bir zamanda Colombia Pictures “Qaranlıqdakı adam” (“Man in the dark”) filmini çəkdi. Tədricən kinostudiyalar arasında rəqabət gücləndi. Öncə “Mumiyalar evi”, sonra “Qaranlıqdakı adam” filmlərinin nümayişi və qazanılan minlərlə tamaşaçı kütləsi kino studiyaları arasında rəqabətin güclənməsinə böyük zəmin yaratdı. Walt Disney studiyası vestern janrında öz filmini çəkdi. Onun ardınca Universal studiyası “O kosmosdan gəlib” (“İt came from other space”) filmini çəkdi. Arizonaya düşən meteoritin əslində yadplanetli gəmisi olduğu anlaşılan və bir-birindən maraqlı kadrları ilə tamaşaçı diqqətini cəlb edən film ən yaddaqalanlar sırasına düşdü. Paramount studiyası bir müddət 3D filmləri çəkməkdən imtina etsə də, bu filmlərə olan tamaşaçı marağını nəzərə alaraq Fernando Lamas və Arlene Dahlın birgə oynadığı sevgi dramı “Sangaree” filmini çəkdi.
   1954-cü ildə prodüser Sam Katzman və rejissor Villiam Kastl yüksək gəlir gətirən 3D filmlərinə olan marağı görüb Colombia Pictures üçün western janrında serial çəkdilər. Rejissor sonralar həmin şirkət üçün “13 kabus” (“13 ghosts”), “Lənətlənmiş təpədəki ev” (“House on haunted hill”) filmlərini də çəkmişdi.
   İlk dövrlərdə dəhşət, macəra, fantastika janrı ilə tamaşaçı auditoriyası toplayan 3D filmləri sonralar başqa janrlara müraciət etdi. 20th Century Foxun çəkdiyi və baş rolda Rhondo Flemingin ifa etdiyi “Cəhənnəm” (“İnferno”) filmi buna nümunədir.
   3D filmlərinin qızıl dövrü olan 50-ci illərin ən məşhur filmlərindən biri də sadəcə 3D filmləri çəkmək üçün yaradılmış “3 Dimensional Pictures”in çəkdiyi “Robot canavar” (“The Robot monster”) filmidir. Film hələ də internet saytlarında satılan və çox izlənilən 3D filmləri sırasındadır.
   Göründüyü kimi, 3D filmləri hələ 50-ci illərdə özünə geniş tamaşaçı kütləsi toplaya bilmişdi. Bu filmlər həm də o dövrdə iri kino şirkətləri üçün böyük gəlir əldə etmək üçün ən asan yol idi.
   
   Tədricən adiləşən filmlər
   
   Lakin sonrakı zamanlarda bu filmlərə maraq azalmağa başladı. Hər şey zamanla adiləşirmiş. Vaxt gəlincə bu filmlər də tamaşaçı üçün adiləşdi. 1960-cı illərdən etibarən Hollivudun kino bazarını siyasət mövzulu dramlar işğal etdi.
   80-ci illərin sonlarında “Çənələr 3” (“Jaws 3”), “Orada olmayan adam” (“The man who wasn’t there”), “Amityville” və başqa 3D filmləri yenidən ekranda görünməyə başlasa da, 50-ci illərdəki kimi aktual olmadı.
   90-cı illərin əvvəlində IMAX texnikası ilə 3D daha da inkişaf etdi. Lakin IMAX sənədli filmləri böyük tamaşaçı auditoriyası qazanacaq filmlər deyildi. Olduqca bahalı çəkiliş prosesi və nümayişi ilə darıxdırıcılıq yaradan bu filmlər 20 ildən sonra “Avatar” filmi ilə əsl potensialını nümayiş etdirdi və 3D filmləri üçün güclü dönüşə yol açdı.
   Keçmişin streoskopik, analgiyff kimi primitiv texnikası indi daha zəngin və inkişaf etmiş IMAX, Real 3D, Xpand ilə əvəzlənib. Belə əyləncəli filmləri bütün kinoteatrlarda izləmək mümkündür. Hətta dünya kinosunda son zamanlar belə bir tendensiya yaranıb. Bir çox kinorejissorlar kinonu “lunapark” əyləncəsinə çevirən bu texnikaya qarşıdır. Belə maraqlı, əyləncəli, tamaşaçını filmin özündə hiss etdirən inkişaf nə qədər davam edəcək, onu tamaşaçının özü və zaman göstərəcək. Bizə isə bu filmləri izləmək və gözləmək qalır... 

  Y.Cansail