Ötən ilin iyulundan Azərbaycanın beynəlxalq hava limanlarında tətbiq olunan “Tax Free” sistemi dəniz gəmiçiliyini də əhatə edəcək.
   Bu, ölkə Prezidentinin 13 yanvar 2017-ci il tarixli fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”na edilən dəyişikliklərdə əksini tapıb.
   “Tax Free” sistemindən bundan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xətti ilə səfər edən xarici vətəndaşlar da istifadə edəcək. “Tax Free” sistemi vasitəsilə xarici ölkə vətəndaşı, turist ölkədən çıxarkən aldığı məhsul üzrə əlavə dəyər vergisi (ƏDV) həmin şəxsə qaytarılır. Bunun üçün alınan məhsulun qəbzi olmalıdır və mağazada məhsul alınarkən xüsusi blank doldurulmalıdır. Ölkəni tərk edərkən həmin sənəd gömrük orqanına təqdim edilir və məhsul üçün ödənilən ƏDV geri qaytarılır.