Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, “Cinema” Mərkəzinin birgə təşkil etdiyi VII “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının açılış mərasimi keçirildi.
   
   Açılışda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov festivalı yüksək qiymətləndirdi. O bildirdi ki, artıq 7-ci ildir keçirilən festivalın miqyası genişlənir: “Festival sayəsində yaradıcı gənclər üzə çıxır, əlaqələr artır və beləcə gələcəyin müştərək layihələrinə bir stimul yaranır”.
   Sektor müdiri gənclər tərəfindən 5 ildə 23 bədii qısametrajlı film çəkildiyini qeyd etdi: “İldən-ilə miqyasını genişləndirən bu festivala daha çox ölkələrin qatılacağına ümidvaram. Azərbaycanda da çəkilən qısametrajlı filmlərin bu saf rəqabətdə özünü göstərəcəyinə inanıram”.
   Sonra Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının direktoru, “Cinema” Mərkəzinin rəhbəri Fehruz Şamıyev çıxış etdi: “Yeddi il öncə festivalın layihəsini nazirliyə təqdim edəndə 7 il sonra burada 16 ölkənin iştirak edəcəyini təsəvvürümə belə gətirmirdim. Hazırda prosesin bu həddə gəlib çatması məni çox sevindirir. Çox istərdim ki, festival növbəti illərdə daha çox ölkəni özündə birləşdirsin”.
   F.Şamıyev tədbirin əsas məqsədinin peşəkar və istedadlı gəncləri ortaya çıxarmaq olduğunu qeyd etdi: “Bu festival həm də mübadilə proqramı və kino bayramıdır”.
   Festivalın münsiflər heyətinin sədri, rejissor Yavər Rzayev tədbirin tələbələrin və gənclərin həyatında həqiqətən bir start olduğunu bildirdi.
   Ardınca açılış mərasimi musiqili proqramla davam etdi. Sonra “Oyan” (Azərbaycan), “Burda mənəm” (Polşa) və “Tortik” (Ukrayna) filmləri nümayiş olundu.
   Jürinin digər üzvləri kinoşünas Aygün Aslanlı (Azərbaycan), prodüser və rejissor Rodion İsmayılov (Rusiya), rejissorlar Nadir Saivən (İran) və David Caniledzedir (Gürcüstan).
   Noyabrın 24-dək davam edəcək kinoforumda 16 ölkədən 100-ə yaxın müxtəlif janrlı film nümayiş olunacaq. Filmlərin nümayişi saat 11-dən 18-dək Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilir. Noyabrın 22-də “Vüqar niyə qayıtmır?” (Azərbaycan, rejissor Ələkbər Əliyev), “Səssizlik” (Almaniya, rejissor Ava Lanş), “Dünya hara gedir” (Belarus, rejissor Andrey Miçko), “Uçurum” (Rusiya, rejissor İlya Severov), “Musiqili filmin çəkilişi barədə” (Ukrayna, rejissor Alan Ostanin), “Qarğa ovçusu” (Gürcüstan, rejissor Nika Ququşvili), “Qayğı” (Azərbaycan, rejissor Xəzər Həmzəyev), “Cövdət bəyin qərənfili” (Türkiyə, rejissor Selin Toqay), “Sırğa” (İran, rejissor Babək Minqədi), “Tramvayı ötmək arzusunda olan adam” (Qazaxıstan, rejissor Amir Tursunbayev), “Uçan zirvələr” (Hindistan, rejissor Şarofat Arabova), “Qılınc oynadan” (Latviya, rejissor Astra Zoldnere) və digər filmlər nümayiş olundu. Festival işini noyabrın 23-də davam etdirdi.
   Noyabrın 24-də isə festivalın bağlanış mərasimi keçiriləcək və qaliblər müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.
   Qeyd edək ki, festivala informasiya dəstəyini “Mədəniyyət” qəzeti və APA informasiya agentliyi verir.
   
   İntiqam Hacılı