Gənc qrafika ustası, heykəltəraş Namiq Hüseynov yaradıcılıq axtarışlarından danışıb
   
   Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşdırılan “Emalatxanada görüş” layihəsinin ikinci tədbiri keçirilib.   
   Qalereyanın əməkdaşları gənc qrafika ustası, heykəltəraş Namiq Hüseynovun emalatxanasında onun yaradıcılığı ilə yaxından tanış olublar. Emalatxana sahibi həyat və yaradıcılığı, təhsili, aldığı mükafatlar və yeni yaradıcılıq axtarışları haqqında məlumat verib, gələcək planlarından danışıb. 
   Qeyd edək ki, Namiq Hüseynov 2004-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsində Xalq rəssamı, professor Yusif Hüseynovun, 2009-2013-cü illərdə isə Heykəltəraşlıq fakültəsində Xalq rəssamı, akademik Tokay Məmmədovun emalatxanasında təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO-nun Azərbaycan bölməsinin üzvüdür.
   Əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “Qlinka” adına Moskva Dövlət Musiqi Muzeyi və Rostropoviçin ev-muzeyində saxlanılır.
   “Emalatxanada görüş” layihəsi Azərbaycan təsviri sənətinin çağdaş inkişafını, rəssam və heykəltəraşların axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları toplamaq və ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. Məqsəd həmçinin gənc rəssamların emalatxanalarında yaradıcı proseslərlə yaxından tanış olmaq və müzakirələrin aparılmasına təkan verməkdir.