Bu il festivalda milli kinomuzdan bəhs edən stend nümayiş olunacaq, növbəti illərdə isə kinofestivala film göndəriləcək
  
 
   1946-cı ildən etibarən ənənəvi olaraq keçirilən beynəlxalq Kann kinofestivalında Azərbaycan kinosu haqqında xüsusi stend nümayiş olunacaq.
   Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsindən verilən məlumata görə, bununla bağlı artıq razılıq əldə olunub və nazirlik tərəfindən bu layihəni həyata keçirmək üçün lazımi vəsait ayrılacaq. 60 ildən çox tarixə malik olan bu kinofestivalda ilk dəfə olaraq Azərbaycan kinosu haqqında stend nümayişə çıxarılacaq.
   2011-ci ilin mayında keçirilməsi nəzərdə tutulan bu kinofestivalda Azərbaycan kino tarixini əks etdirəcək stendin hazırlanmasına bu yaxınlarda başlanacaq. Növbəti illərdə isə Azərbaycanın mötəbər kinofestivalda artıq filmlə təmsil olunmağı nəzərdə tutulur. Şöbədən verilən məlumatda bildirilib ki, bu hal beynəlxalq miqyasda ölkəyə və kinomuza olan marağın artmasına da səbəb olacaq. Azərbaycan kinosu haqqında stendin Kann kinofestivalında nümayişinə bir müddət əvvəl Azərbaycanda səfərdə olmuş məşhur fransız aktyoru Jerar Depardyenin kömək edəcəyi bildirilir.