“Facebook” sosial şəbəkəsinin qurulmasından bəhs edən “Sosial şəbəkə” adlı film “2010-cu ilin ən yaxşı filmi” nominasiyasında “Qızıl Qlobus” mükafatına layiq görülüb. Bu qərar Hollivudda akkreditasiya olunan 90 xarici jurnalist tərəfindən verilib. “Qızıl qlobus” öz çəkisinə görə ABŞ-da “Oskar”dan sonra ikinci nüfuzlu kino mükafatı hesab edilir.
   “Sosial şəbəkə” “Ən yaxşı film” mükafatı da daxil olmaqla, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” və “Ən yaxşı film musiqisi” nominasiyasında qalib olub. “Ən yaxşı aktyor” mükafatını “Kralın çıxışı” adlı filmindəki roluna görə Kolin Fört alıb. Natali Portman isə “Qara qu quşu” filmindəki roluna görə “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
   Məşhur aktyor Al Paçino isə “Ceki tanımırsan” adlı serialdakı rolu ilə mükafat qazanıb. Gecədə məşhur aktyor Roberd de Niroya da “Ömür boyu müvəffəqiyyət” mükafatı verilib.