Xarici ölkələrin magistr və doktorantları üçün proqram reallaşacaq
   
   Türkiyə Cümhuriyyəti Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığının (YTB) təşəbbüsü ilə düzənlənən “Əcnəbi gənc liderlər” proqramına müraciətlərə start verilib. Dünyanın müxtəlif bölgələrindən 40 gəncin qəbul ediləcəyi proqrama müraciətlər aprelin 30-da başa çatacaq. 
   Qeyd edək ki, bu proqram qurum tərəfindən 2013-cü ildən bəri düzənlənir. Budəfəki proqrama ABŞ, Kanada, Avropa ölkələri, Avstraliya və Yeni Zelandiyada magistr və doktorantura təhsili alan gənclər qatılacaq. 
   Proqram 2017-ci ilin iyul ayında iki həftə müddətində Ankara və İstanbulda reallaşacaq. Gənclər fərdi inkişaflarına fayda verən tədris proqramlarında iştirak edəcəklər. Bundan başqa, proqram daxilində tarixi və mədəni irslə bağlı gəzintilərdə iştirak edərək bu məkanları yerində kəşf etmə imkanı əldə edəcəklər. Türk əl sənətləri, türk filmlərinin nümayişi, TRT konsertləri və digər tədbirlər də proqramda yer alacaq. 
   
   Mehparə Sultanova
   Ankara