Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyası daha bir layihəsini reallaşdırmaq üzrədir. Kinostudiyadan bildiriblər ki, “İşıqlı şəhər”də musiqinin fonunda Bakının yeni görünüşü öz əksini tapacaq. Filmin ssenari müəllifi və rejissoru Lalə Axundova, operatoru Yuri Varnauskasdır. Artıq çəkilişləri başa çatmış ekran əsəri yaxın vaxtlarda tamaşaçılara təqdim olunacaq.
   “Salnamə” kinostudiyasında “Qara bayram” üçseriyalı bədii-sənədli filminin çəkilişləri də başa çatıb. Filmin ssenari müəllifi Nadir Bədəlov bildirib ki, hazırda ekran əsəri üzərində tamamlanma işləri gedir. Film yaxın vaxtlarda nümayiş etdiriləcək. “Qara bayram”ın rejissoru Mehriban Ələkbərzadə, operatorları Adil Abbasov və Elşən Həsənoğludur. Tarixi mövzuda çəkilən filmdə Məmməd Əmin Rəsulzadə obrazını İntiqam Soltan, Nəriman Nərimanov rolunu Bəxtiyar Şərifzadə yaradıblar.