Aprelin 18-də Teatr Xadimləri İttifaqında (TXİ) Azərbaycanın ilk peşəkar klassik opera müğənnisi, pedaqoq, ictimai xadim Şövkət Məmmədovanın (1897-1981) anadan olmasının 120 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirildi. 
   Tədbiri TXİ İdarə heyətinin sədr müavini, Xalq artisti Hacı İsmayılov açaraq toplaşanları salamladı.
   İttifaqın sədri, Xalq artisti, professor Azər Paşa Nemət Şövkət Məmmədovanın Azərbaycan klassik operasının inkişafında, ümumiyyətlə, ölkənin teatr həyatında xidmətlərini yada salaraq, onunla şəxsi görüşlərini xatırladı. 
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimli «Şövkət Məmmədova və teatr» adlı məruzəsində böyük vokalçının Azərbaycan opera sənəti tarixində xidmətlərindən danışarkən, onun iki dünya şöhrətli opera müğənnisinin - SSRİ xalq artistləri Firəngiz Əhmədova və Müslüm Maqomayevin ilk sənət müəllimi olduğunu xatırlatmağın kifayət etdiyini vurğuladı. Şövkət xanımın hələ səsi opera səhnəsində çıxış etməyə imkan verdiyi halda gənclər oxusun deyə, səhnədən getdiyini bildirən məruzəçi onun operada az-az rast gəlinən koloratur soprano səsi ilə neçə-neçə opera partiyasını ilk dəfə ifa etdiyini də diqqətə çatdırdı.
   Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov «XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyi və Şövkət Məmmədova» adlı məruzəsində sənətkarın taleyinə düşən birincilikləri sadaladı: ilk azərbaycanlı vokalçı qadın, Teatr Texnikumunun ilk direktoru, Opera və Balet Teatrının ilk qadın direktoru, Teatr Xadimləri İttifaqının ilk qadın sədri, SSRİ Xalq artisti fəxri adına layiq görülən ilk azərbaycanlı qadın... 
   ADMİU-nun doktorantı, TXİ-nin məsul katibi Aidə Qafarova «Azərbaycan Teatr Xadimləri İttifaqı və Şövkət Məmmədova», sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva «Azərbaycan operasında Şövkət Məmmədova fenomeni» mövzulu məruzələr ilə çıxış etdilər. 
   Konfransın sonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Məryəm Əlizadə milli teatr tariximizdə böyük xidmətləri olmuş sənət adamlarının xatirəsini əziz tutduğuna, onların yaradıcılığının tədqiq olunmasına təkan verdiyinə görə Teatr Xadimləri İttifaqının rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirdi. 
   
   G.Mirməmməd