Beş nominasiya üzrə mükafatlar və “Şans” ödülü sahiblərinə təqdim edildi
   
   Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının 2017-ci il üzrə qaliblərinin təltif olunma mərasimi keçirildi. Tədbirdə öncə ədəbi mükafatın əvvəlki illərdə təqdimat mərasimlərini əks etdirən videoçarx nümayiş olundu.   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Qızıl Kəlmə” ədəbi mükafatının cəmiyyətdə, o cümlədən mədəni və ədəbi mühitdə özünə layiqli yer tutduğunu bildirdi. Qeyd edildi ki, mükafatın təqdimatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ildən etibarən iki ildən bir keçirilir: “Ənənəvi müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsidir. Bu müsabiqə çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, müasir qələm sahiblərini geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Bu il Mükafat komissiyasına əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlanıb və cari il aprelin 10-da başa çatıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib. Bütün əsərlər Mükafat komissiyasının üzvləri tərəfindən oxunub və qiymətləndirilib. Komissiyanın yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınan nəticələr səsə qoyulub. Beş əsas mükafatla yanaşı, fərqlənən daha iki əsərə “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb”.
   Dövlətin mədəniyyət siyasətinin hədəflərindən danışan Əbülfəs Qarayev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətimizin dünyada tanıdılması və təbliğinə diqqətini xüsusi vurğuladı. Bildirdi ki, beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin rəğbətlə qarşılanması, qiymətləndirilməsi ölkəmizdə mədəniyyətin, ədəbiyyatın daha da inkişaf etməsinin göstəricisidir: “Nazirlik tərəfindən Azərbaycan ədəbiyyatının tanıdılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Yazarlarımızın əsərləri müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə nəşr olunur. Ədəbiyyat xadimlərimizin əsərləri beynəlxalq müsabiqələrdə müxtəlif ədəbi mükafatlara layiq görülür. İnanıram ki, bundan sonra da ölkəmizdə daha güclü ədəbi nümunələr yaranacaq”.
   Əbülfəs Qarayev sonda qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
   Sonra beş nominasiya üzrə mükafatlar sahiblərinə təqdim olundu.
   Nəsr əsərləri nominasiyası üzrə “İşığa gedən yol” kitabına görə Sona Vəliyeva, “Sənsizlik, mənsizlik, onsuzluq” romanına görə Vaqif Nəsib və “Talelər kəsişəndə” kitabına görə Əkrəm Qaflanoğlu mükafatla təltif edildi.
   Poeziya nominasiyası üzrə “Seçilmiş əsərlər” kitabına görə Firuzə Məmmədli və “Hər iki dünyanın ən gözəli” silsilə şeirlərinə görə Vaqif Bayatlı Odər, ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə “İkinci mətn” kitabına görə Bəsti Əlibəyli və “Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabına görə Nərgiz Cabbarlı mükafatlandırıldı. 
   Orijinaldan bədii tərcümə əsərləri nominasiyası üzrə Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” romanını tərcümə etdiyinə görə Əyyub Qiyas və Orxan Kamalın “Nazim Hikmətlə üç il yarım” əsərinin tərcüməsinə görə Fərid Hüseyn qalib oldu. Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə isə Zahid Xəlil (“Ağ leyləklər” kitabı) və Qəşəm Nəcəfzadə (“Çiçəkli xalça”) mükafata layiq görüldü.
   “Qızıl Kəlmə” ədəbi mükafatı çərçivəsində “Şans” ödülü isə Mirmehdi Ağaoğlu (“Alman malı”) və Şəhriyar del Geraniyə (“Darıxmağın adı”) verildi.
   Qaliblərə diplom, pul mükafatı və plaket təqdim edildi. Müəlliflər çıxış edərək mükafata görə minnətdarlıqlarını bildirdilər. 
   
   Fariz