Mayın 4-dən 6-dək Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşən Forumda dünyanın tanınmış siyasi və dövlət xadimləri, elm adamları iştirak edirdi. 
   Beynəlxalq tədbirin gedişində xarici qonaqlardan bir neçəsinin Forum və ölkəmizlə bağlı təəssüratlarını öyrənmək imkanımız oldu. 
   
   Ramon Montes (Avropa Şurasının “Mədəni marşrutlarının tarixdən əvvəlki qayaüstü incəsənət nümunələri şəbəkəsi”nin nümayəndəsi): 
   - Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Bura təkcə Şərq ilə Qərb arasında coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. “Azərbaycanda qayalar üzərində incəsənət mədəni marşrut”u bizim şəbəkəyə qoşulmaqla öz tarixini tanıtmağın daha bir mərhələsinə qədəm qoyur. Qayaüstü rəsmlərlə bağlı marşrut Azərbaycana çoxlu turistlər cəlb edəcək. Çünki Avropanın bu tip şəhərlərinə səyyahların marağı böyükdür. 
   
   Stefano Dominioni (Avropa Şurasının “Mədəni marşrutlara dair genişləndirilmiş çərçivə sazişi”nin icra katibi):
   - Azərbaycanda dini dözümlülük və multikulturalizm hər zaman mövcud olub. Dünya Mədəniyyətlərarası Dialoq Forumu paytaxtınızda artıq dördüncü dəfə keçirilir və hər dəfə bu tədbirin iştirakçılarının sayı, nüfuzu da artır. Forumun fərqləndirici cəhəti ondan ibarətdir ki, onun tərəfdaşları arasında UNESCO, BMT-nin Sivilizasiyalararası Alyansı, Dünya Turizm Təşkilati, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İSESCO kimi nüfuzlu beynəlxalq qurumlar var. Biz burada müxtəlif əlaqələr qura, dünyanı narahat edən problemlərdən söz aça bilirik. Bizim işimiz birbaşa turizmlə əlaqəli olduğu üçün turizm sahəsində dünyanı narahat edən qlobal problem və təkliflərin bir arada səslənməsi, yeni ideya və layihələrin təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. 
   
   Düsen Kaseinov (TÜRKSOY-un baş katibi): 
   - Ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib, türkdilli xalqların dahi şəxsiyyətləri, mütəfəkkirləri, yazıçı və şairləri, alimləri bəşəri nailiyyətlər qazanıblar. Xatırlayırsınızsa, biz ötən forumlarda da bu insanların tanıdılması ilə bağlı bəzi layihələr təqdim etmişdik. Bütün bunlar xalqların, ölkələrin bir-birinə hörmət ruhunda ünsiyyətinin yüksək aktuallığına və ünsiyyətə ehtiyac olmasına dəlalət edir. Türkdilli xalqların tarixi-mədəni irsi də birgə səylərlə qorunmalı, türkdilli dövlətlərin mədəni sahədə əməkdaşlığı gücləndirilməlidir. 
   
   Adam İlman (UNESCO üzrə Avstraliya Milli Komitəsi): 
   - Belə bir möhtəşəm tədbirin keçirilməsinə görə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm. Azərbaycan mədəniyyətlərarası dialoqun təşkili, müzakirələrin aparılması üçün unikal ölkədir. Forum yüksək səviyyədə təşkil olunub. Azərbaycan UNESCO ilə birgə sülh naminə çalışır. Bakı isə təhlükəsiz və gözəl şəhərdir.
   
   “Millətlərin ən yaxşı cəhətlərinin universal daşıyıcısı mədəniyyətdir”
   
   Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski:
   - Ölkələrimiz arasında mədəni əlaqələr inkişaf edir. Dünyanın bir çox ölkələrindən nümayəndə heyətləri bu foruma gəlib. Azərbaycanın bu nüfuzlu tədbirin təşkili üçün göstərdiyi səylər təqdirəlayiqdir. Rusiya və Azərbaycan mədəniyyət nazirlikləri arasında nümunəvi əməkdaşlıq mövcuddur. Azərbaycan multikulturalizm sahəsində nümunəvi təcrübəyə malikdir. 
   
   Məhəmməd Əli Huməd (Cibuti Respublikası Milli Assambleyasının sədri):
   - Çox faydalı forumdur. Burada müxtəlif ölkələr arasında əlaqələr müzakirə edilir. Biz eyni zamanda bir sıra mühüm görüşlər də keçirdik. Müasir dünyamız millətçilik, ekstremizm və ksenofobiyanın ən müxtəlif təzahürlərindən əziyyət çəkir. Bunun yeganə çarəsi fasiləsiz dialoqdur. Hər bir millətin ən yaxşı cəhətlərinin universal daşıyıcısı məhz mədəniyyətdir.
   
   Jan-Kristof Bas (“Global Compass” şirkətinin rəhbəri):
   - Azərbaycan gözəl, pozitiv ölkədir. Möhtəşəm memarlıq, heykəltəraşlıq adamı heyran edir. Dünyanın müxtəlif ölkələrindən olan insanların Bakıda müzakirələrə qoşularaq bir araya gəlməsini yüksək dəyərləndirirəm. Beyin mərkəzləri, hökumət nümayəndələri və QHT hamısı birgə müzakirələrdə iştirak edir. Ölkənizə bu təşəbbüsə görə təşəkkürümü bildirirəm. Forumdan ciddi nəticələr gözləyirəm. 
   
   Alessandro Girola (BMT-nin Sivilizasiyalar Alyansının koordinatoru):
   - Azərbaycanın multikulturalizm modeli dünyaya təhlükəsizlik təklif edir. Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu qədər qloballığa malik olan ikinci bir platformanı qeyd etməyə çətinlik çəkərdim. Dünyanın siyasi və intellektual təfəkkür sahibləri qarşılıqlı anlaşma körpüləri qurmaq üçün məhz Bakıda görüşürlər. Təkcə ona görə yox ki, Azərbaycan müxtəlif millətlərə və müxtəlif konfessiyalara mənsub olan insanların birgə ahəngdar yaşamasına canlı nümunədir, həm də ona görə ki, bu respublika özünü ən yüksək səviyyəli tədbirlərin təşkilatçısı kimi çoxdan təsdiq edib. Bilirəm ki, Forumdan bir neçə gün sonra Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Mədəniyyət və idman xalqların yaxınlaşmasına xidmət edir. Əminəm ki, Oyunlar Azərbaycanda keçirilən Birinci Avropa Oyunları qədər əks-səda doğuracaq.
   
   Gafika Haddad (İFAP proqramının Hökumətlərarası şurasının sədri):
   - Dünya Mədəniyyətlərarası Dialoq Forumu gələcəyə ismarışdır. Bu Forum müxtəlif ölkələrdən olan nüfuzlu alimlərin, siyasi və ictimai xadimlərin bir yerə toplaşaraq mövcud çətinlikləri, problemləri və onların həlli yollarını müzakirə etməsinə imkan yaradır. Bu məsələləri qaldırmaq vacibdir. İnsanlar bunu eşitməli və başa düşməlidir ki, mədəniyyətlərarası dialoq, mədəni irs, bəşəri dəyərlər çox vacib kateqoriyalardır. Ona görə Bakı Forumu gələcəyə ismarış və sülh prosesinə mane olan bütün amillərə cavabdır. Gün ərzində müxtəlif mövzularda keçirilən panel sessiyalarda bəşəriyyəti narahat edən məsələlər ətrafında müzakirələr dinlənilir. İnanırıq ki, bütün bu müzakirə və mövzular dünyada sülhün bərqərar olmasına öz töhfəsini verə biləcək. Dünyada hər gün etnik və dini müxtəlifliklər böyük miqyasda münaqişələrə səbəb olur. Bu baxımdan tolerantlıq və qarşılıqlı hörmət anlayışları daha böyük önəm kəsb etməyə başlayıb.
   
   “Bakı prosesi” problemlərin həlli üçün birgə fəaliyyətin gözəl ənənəsidir”
   
   “Welcoming America” təşkilatının vitse-prezidenti Mahvaş Hassan:
   - Dialoq Forumu dünyanın müxtəlif mədəniyyətlərini bir araya gətirir. 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü ölkələrin bir-birinə daha da yaxınlaşması, təcrübə mübadiləsi və əməkdaşlığı baxımından olduqca önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışı zamanı çıxışında müasir dünya üçün multikultural cəmiyyətin vacibliyini bir daha vurğuladı. Bəzən biz başqa mədəniyyətlərlə birlikdə yaşamağı çox çətinliklə dəyərləndiririk. Bakı Forumu cəmiyyətdəki müxtəlifliyi müzakirə etmək üçün insanları bir araya gətirir.
   Burada biz insanların müxtəliflikdə necə yaşaya bilmələrinə yardım etməklə bağlı debatlar aparırıq. Təhsil, media, innovativ yanaşma, ekstremizmlə mübarizə, populizm və qütbləşmə və digər mövzularda müzakirələr zamanı bir-birimizə inam vasitəsilə dünyada dialoqun mümkünlüyünü vurğulayırıq.
   
   İngiltərənin Koventri Universitetinin professoru Mayk Hardi: 
   - Azərbaycan Prezidenti tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı prosesi” uğurlu təşəbbüs, eləcə də nəhəng prosesdir. Həmin vaxtdan etibarən Azərbaycanda təşkil edilən mühüm beynəlxalq tədbirlər bunu bir daha təsdiqləyir. Bütün bunların nəticəsində dünya ictimaiyyəti müxtəlif sahələrdə mövcud problemləri, onların həlli istiqamətində görülən işləri daha yaxşı dərk edir. “Bakı prosesi” problemlərin müzakirəsi və həlli istiqamətində birgə fəaliyyət göstərməyin gözəl ənənəsini ortaya qoyub. Ötən forumlarda da iştirak etmişəm. Bu gün dünyamız çoxsaylı problemlərlə və böhranlarla üzləşib. Belə bir zamanda mədəniyyətlərarası və dinlərarası dialoq, qarşılıqlı anlaşma vacibdir. Bu baxımdan Bakı Forumu çox böyük əhəmiyyətə malikdir. 
   
   Lalə Azəri