Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda 3 cilddən ibarət “Azərbaycan poeziyasının antalogiyası”nın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində görkəmli yazıçı və şairlər iştirak edib. Mərasimdə çıxış edən AYB-nin sədri, yazıçı Anar iştirakçılara antalogiya haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 3 cildlik antalogiya çağdaş dövrün problemlərini əhatə edir. Buraya Yazıçılar Birliyinin üzvləri ilə yanaşı, gənc yazıçı və şairlərin mətnləri, şeirləri daxildir. Qeyd edək ki, antalogiyanın baş redaktoru və ön sözün müəllifi yazıçı Anar, son sözün müəllifi isə Həsən Quliyevdir. Kitabın təqdimat mərasimində Rusiyanın və Qazaxıstanın Azərbaycandakı xoşməramlı səfirləri də iştirak ediblər. Rusiyanın Azərbaycandakı səfiri V. D.Doroxinin sözlərinə görə, belə bir təşəbbüsün irəli sürülməsi təqdirəlayiq haldır: «Bu kitabın rus dilində çap edilməsi oxucuların say çoxluğunun artmasına səbəb olacaq». Milli Məclisin deputatı Elmira Axundova Azərbaycan ədəbiyyatını və təqdim olunan antalogiyanı öz ölkələrində də təbliğ etmələrini səfirlərdən xahiş etdi.Mərasimdə həmçinin xalq şairi Fikrət Qoca, xalq yazıçısı Çingiz Abdullayev, İlqar Fəhmi,AYB-nin katibi, bir çox ədəbiyyatsevərlər və kitabın tərcüməçiləri iştirak ediblər.Onlar kitab barəsində öz fikirlərini də bildiriblər.