Ömrü qanadlı quşa bənzədirlər. Necə gəlir, necə gedir, nə bilsin insan. Uşaqlıq… gənclik... cavanlıq... bir də baxırsan ki, bu da qocalıq. Lakin ilin hər fəslinin öz yeri, öz dövrü, hər dönəminin öz aləmi var. Baxır onu necə keçirdəsən,həmin vaxtdan necə istifadə eləyəsən.
  
 
   Ömrünü mənalı, mənəviyyatlı keçirənlərdəndi mənim qəhrəmanım. Gənclikdə də, ömrünün bu gözəl çağında da heç vaxt yaradıcılığı ikinci dərəcəli iş hesab etmir. Münəvvər xanım bu gün də öz poetik ruhunu, poetik gözəlliyi özündə qoruyub saxlayır. Öz hisslərini, duyğularını, misra-misra, sətir-sətir kağıza hopdurur, əvvəlkindən də daha böyük həvəslə, yaradıcılıq eşqi ilə çalışır.
   Onun şeirlərini oxuduqca bu xanım-xatın qadının nə qədər böyük ürək sahibi olduğunun bir daha şahidi olursan.
   Münəvvər xanım həssas ürəkli bir şairə, gözəl filoloq olmaqla yanaşı, həm də qayğıkeş bir anadır, əvəzsiz nənədir. Övladları, nəvələri onunla həmişə fəxr edirlər. Onun incəruhlu şeirlərini oxuduqca bu həssas qadının hər şeyə- istər hər hansı hadisəyə, istərsə də canlı təbiətə olan sonsuz marağının şahidi olursan. Bu ailəni yaxından tanıdığımdan, Münəvvər xanımın simasında əsl Azərbaycan xanımının, azərbaycanlı qadınının obrazını görürəm. İlyas Tapdıq kimi tanınmış, poeziya aləmində öz sözünü demiş bir şairin həyat yoldaşı olmaq özü elə böyük fəxrdir. İlyas Tapdıq şeirləri hərəsi bir aləmdir. Uşaq poeziyasında müasir dövrümüzdə yazarların ən nəhəngi məhz mən onu görürəm. Yaşının bu ahıl çağında da bir an olsun yaradıcılıqdan ayrılmır. Bir-birindən gözəl, duzlu şeirlər bəxş edir balaca, sevimli oxucularına. Bu evdə, bu ocaqda istedadsız insanlar ola bilməz. Böyük qızları Gültəm xanım jurnalistdir. Onun da xüsusi dəst-xətti var. Uşaqlar üçün yazılmış şeirləri tez-tez mətbuat səhifələrində görünür. Gültəm xanımın yaz ətirli «Yaz gəldi» şeiri balaca oxucuların çox xoşuna gəlir.
   
   Özüylə çəmən gətirdi,
   Yamyaşıl aləm gətirdi.
   Ağacları geyindirdi,
   Yaz gəldi.

   
   Hamının bildiyi, hamının gördüyü bir şeyi poeziya dili ilə şeirə çevirib.
   Münəvvər xanımın şeirlərində təbiətə vurğunluq, insanlara sonsuz məhəbbət öz əksini tapıb. Doğrudur hərdən şeirlərində bir nisgil, həsrət, giley də hiss olunur:
   
   Suyum dağdan kəsildi,
   Əlac eldən kəsildi,
   Kimə güman edəydik?
   Bəxt, fələkdən kəsildi.
   
   Dağlarda gəzən mənəm,
   Daşını üzən mənəm.
   Yurdum düşmən tapdağı,
   Bu dərdə dözən mənəm.
   
   Vətən dərdi, doğma Qarabağ dərdi hər kəs kimi, onun şair qəlbini də rahat buraxmır. Vətəninin qarı düşmən əlində olduğunu ürək ağrısı ilə dilə gətirən, ürəyində göyüm-göyüm göynəyən şairənin:

   Vətən mənim canımdı,
   Tökülən al qanımdı.
   Qolun qurusun düşmən,
   Vurulan cavanımdı.

   
   - sözləri onun düşmənə nə qədər dərin nifrət etdiyinin gözəl nümunəsidir.
   İnsan qəlbinin dərinliklərini öz həssas qəlbi ilə duyan şairə insanlara öz yaxınları ilə həmahəng olmağı, bir-birilərinə hörmət bəsləməyi məsləhət görür:
   
   Vəfasızdan yan dolan,
   Yetmə sözə, yan dolan.
   «Yaddan yad iyi gələr»,
   Anan üçün yan, dolan.

   
   Şairə insana hamıdan yaxın insan- Ananı yüksək qiymətləndirir. Ana elə bir varlıqdır ki, ona ömrünün bütün çağlarında ehtiyac duyursan, istər körpə uşaq ol, istər cavan, istərsə də ahıl, müdrik birisi. Yenə də ana məhəbbətinə, ana nəvazişinə, ana sevgisinə möhtacdı hər kəs. Qızdırmalı şəxsin suya ehtiyacı olduğu kimidir bu hiss. Körpəliyini nənəsinin yanında keçirən Münəvvər xanım bu gün də uşaqlıqda hamıdan çox istədiyi nənəsini unutmur. Doğma ana qədər sevdiyi nənəsinin türkəçarə üsullarla müəyyən xəstəliklərə şəfa verdiyini söyləyir. Onun «Nənəm belə nənə idi» yazısında, «unutsaq, unudularıq»- deyən şairə nənəsi Anabəy Quliyevanın Balakən rayonunun Qullar kəndində olan sadə, geniş həyətindən, o həyətdə keçirdiyi uşaqlıq illərinin xatirələrindən həvəslə söhbət açır. Həmin yazıda Münəvvər xanım «Anabəy nənəsinin müalicə reseptlərindən bir neçəsini oxucuların diqqətinə çatdırıb.
   Nənəsinin həyətində keçirdiyi uşaqlıq çağlarını xatırlayan Münəvvər xanım «Aradan illər keçib. İndi nə sevimli nənəm var, nə o gözəl həyət, nə də xatirələr beşiyi olan qollu-budaqlı, çətir kimi kölgəsi olan cökə ağacı. Amma o illərin əziz və unudulmaz xatirələri mənimlədir.
   Gözəl şairəmiz nəinki öz övladlarını, hətta bütün gəncləri həmişə pisliklərdən, pis xislətli insanlardan uzaq olmağa səsləyir:
   
   Ömrümün barı balam,
   Yaramı sarı balam.
   Bimürvətdən uzaq gəz
   Tanı əğyarı, balam.

   
   Keçən mənalı ömrünüzün hər gününə, hər saatına bir sevinc payı düşsün. Arzu edərdim, bu təzə ildə Sizdən təzə arzulu, təzə niyyətli bir şeir kitabı da oxuculara ərməğan olsun. Özünüzə isə təzəcə başlayan ildə ən əvvəl cansağlığı, bol-bol sevincli günlər nəsib olsun.
   
   Elmira Musaqızı