“Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğat işləri” layihəsi həyata keçirir. 
   Layihə çərçivəsində Qusar və Quba rayonlarında tədbirlər keçirilib.
   Birliyin sədri Rahilə Mehtiyeva bildirib ki, layihənin məqsədi Qarabağda və digər işğal olunmuş ərazilərdə məhv edilən maddi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında məlumatları gənclər arasında daha geniş yaymaqdan ibarətdir. 
   Qeyd edilib ki, Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli - 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli - 270 memarlıq, 22 arxeoloji abidə, digər mədəni irs nümunələri qalıb. Mədəniyyət və Turizm Nazirliyinin statistikasına görə, işğal olunmuş ərazilərdə 40 mindən çox eksponata malik olan 22 muzey qalıb. Bu muzeylərdən Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, xalçalar, görkəmli şəxsiyyətlərin xatirə əşyaları, digər qiymətli eksponatlar talan edilib. Nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Kəlbəcər və Şuşadakı tarix muzeyləri, Ağdamda dünyada nadir olan Çörək muzeyi, Qubadlı və Zəngilan tarix-diyarşünaslıq muzeyləri və başqa muzeylər bura daxildir. Bu muzeylərin əksər eksponatlarını köçürmək mümkün olmayıb. 
   Tədbirdə işğal altındakı mədəniyyət və tarixi abidələr haqqında kitabçalar iştirakçılara paylanılıb, mövzu ilə bağlı qısametrajlı film təqdim olunub.