Nərmin Hüseynova (tələbə):
    - Drayzerin kitabları çox maraqlıdı. Rəfiqələrim isə "Dodaqdan qəlbə"ni oxumağı məsləhət görürlər.
   Hazırda oxumaqdan yorulduğum anatomiya kitabından canımı qurtarmaq istəyirəm.
   
   Rəşad Səmədov ( menecer):
   - Səbahəddin Əlinin “Xəz paltolu madonna” əsərini artıq bitirmişəm..
   F.M.Dostoyevskinin "Cinayət və cəza" romanını da bitirmək üzrəyəm. Məsləhət vermək çətin işdi.
   
   Həsən Baxışov (sürücü):
   - Bala, vaxt var kitab oxumağa. Coxu heç dediyi kitabların üzünü belə görməyib, kimdənsə adını eşidib. Mən cavanlıqda Əlağa Vahidin qəzəllərini hər gün oxuyurdum.
   
   Anar Vəliyev (ofisiant):
   - Ofisiant olsam da, oxumağa vaxt tapıram. Sonuncu dəfə Balzakın “Qorio ata” əsərini oxumuşam. Dəhşətli dərəcədə realist əsərdir. Kitab oxumaq həmişə vacibdir. Özünü öymək olmasın, oxuduğum kitabları bir yerə yığsam, böyük kitabxana alınar. Dediyim əsəri oxuyun.  

   Kəmalə Ağayeva ( həkim):
   - “Da Vinçi kodu”nu oxuyuram. Məsləhət görərdim ki, bu kitabı yalnız xristianlıq tarixini bilənlər oxusun, yoxsa çox şeyi anlamazlar.
   
   Zaur Abdullazadə (lisey şagirdi):
   - İngilis dilini öyrənmək üçün Mark Tvenin əsərlərini oxuyuram.
   
   Azər Həşimov (pedaqoq, coğrafiyaşünas):
   - Dostoyevskinin "Bəyaz gecələr" əsərini oxumağı məsləhət görərdim, O. Henrinin "Ən əziz hədiyyə" novellasını isə yenicə oxumuşam. İnanın, çox gözəl əsərdi.
   
   Tahir Əmirquliyev (jurnalist):
   - Amerika Birləşmiş Ştatlarının Azərbaycan və Ermənistandakı səfirlikləri «Qarabağ: Ermənistan və Azərbaycan: sülh və saziş yollarında» adlı kitabı nəşr etdirib, sonluğuna çatmışam. Kitabın müəllifi britaniyalı yazıçı-jurnalist Tomas De Vaal Qarabağ münaqişəsini neytral mövqedən, obyektiv şəkildə işıqlandırdığını deyir. Amma onun mövqeyi erməni gənclərini əsəbiləşdirib. Müəllif bildirir ki, Qarabağ haqqında ingilis dilində ilk dəfədir ki, belə bir kitab nəşr edilir. Kitab Azərbaycan, rus və erməni dillərinə tərcümə olunub. Hamının oxuması məsləhətdi.
   
   Əzizə Salamova (qadın bərbəri):
   - Yeni başlamışam mütaliəyə. Dünya ədəbiyyatından Stivensonun "Dəfinələr adası" əsərini oxuyuram. Qəzet adamısan, sən məsləhət ver, mən oxuyum.
   
   Aslan Həziyev (texnik):
   - Dostoyevskinin “Alçaldılmış və təhqir edilmiş insanlar” əsərini yenicə bitirmişəm. Əsər mənə bir növ əzginlik gətirib. Artıq kitabın sonlarına çatmışam. Məsləhət görərdim ki, Jül Vernin «Kapitan Qrantın uşaqları» əsərini oxuyasınız. Çox maraqlı bir əsərdi. Hamıya da məsləhət görürəm.

Sabutay