Tokioda təşkil olunan Honco Beynəlxalq Təqaüd Fondunun (HİSF) 20 illik yubileyinə həsr edilmiş konfransda ADA Universitetinin Xarici əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəhman Şahhüseynli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
   Araşdırdığı mövzu barədə iştirakçıları məlumatlandıran tədqiqatçı “Sülh təhsil üçün və ya təhsil üçün sülh” mövzusunun Cənubi Qafqaz regionu üçün xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb, regionda uzun müddətdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Gürcüstanda Abxaziya və Cənubi Osetiya münaqişələrinin davam etdiyini diqqətə çatdırıb.
   Dağlıq Qarabağ münaqişəsi barədə söz açan tədqiqatçı Ermənistan dövlətinin işğalçılıq siyasəti və münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe barədə danışıb, iştirakçıların suallarını cavablandırıb.
   Honco Beynəlxalq Təqaüd Fondu 1997-ci ildə yapon biznesmen Masanori Honco tərəfindən təsis edilib. HİSF dünyanın müxtəlif ölkələrindən gələrək Yaponiyada doktorant təhsili alan əcnəbi tələbələrə təqaüd yardımı göstərir. Bu günədək fond tərəfindən 77 ölkədən gəlmiş 600-dən çox doktorant-tələbənin təhsili maliyyələşdirilib. 
   Fondun məsləhətçisi Ryusuke Honco qeyd edib ki, Rəhman Şahhüseynli Osaka Universitetinin doktorant tələbəsi olaraq yeganə azərbaycanlı kimi bu qurumun təqaüdünü alıb. O, fondun qapılarının azərbaycanlı tədqiqatçılar üçün həmişə açıq olduğunu deyib.