Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan “Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin bölgələrdə ilk turunun seçimləri davam edir.
   Şirvan şəhər Mərkəzi kitabxanasında keçirilən dinləmələrdə şəhər məktəblərindən 35 şagird iştirak edib. Münsiflərin qərarı ilə yeddi nəfər 1-3-cü yerləri tutaraq növbəti mərhələyə keçib. Bu mərhələdə bir qalib seçilərək regional idarə üzrə yarışmaya qatılacaq.
   * * *
   Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada da “Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin ilk turunun dinləmələri keçirilib. 18 nəfərin iştirak etdiyi yarışmada üç nəfər növbəti dinləmə mərhələsinə keçib.
   Müsabiqə regional idarənin əhatə etdiyi Mingəçevir, Yevlax şəhər, Tərtər rayon nümayəndəliklərində də təşkil edilib.
   Qeyd edək ki, bədii qiraət müsabiqəsinin hər şəhər (rayon) MKS üzrə seçimlərində bir nəfər qalib müəyyənləşməlidir. Onlar aprel ayı ərzində Bakı şəhəri və 15 regional idarə üzrə təşkil olunacaq növbəti turda iştirak edəcəklər.