Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayonu üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirmə və mütaliənin təbliği məqsədilə Murad Əlibəyov adına Xırxatala kənd tam orta məktəbində “Kitabsevərlər klubu”nun təsis toplantısı keçirilib. 
   Toplantıda İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayonu üzrə nümayəndəsi Nargilə Qafarova, Qəbələ rayon MKS-nin direktoru Anar Rüstəmli, Xırxatala kənd məktəbinin direktoru Əhmədiyyə Hacıyev iştirak ediblər.
   Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək nazirliyin təşəbbüsü ilə icra olunan layihə, kitabxanaların fəaliyyəti, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında danışıb.
   Mərkəzin mütəxəssislərindən Elnarə Hacıyeva “Kitabxanalarda mədəni-kütləvi tədbirlərin təşkili, yeni metodlardan istifadə”, Ceyhun Əhmədov “Mütaliənin vacibliyi və onun rituallaşdırılması yolları” adlı məruzələrlə çıxış ediblər.
   Məktəbin şagirdləri görkəmli ədiblərin əsərlərindən parçalar səsləndiriblər.
   Klubun üzvləri - Xırxatala kəndinin sakinləri layihəni müsbət qiymətləndirərək onun uşaqların tərbiyəsinə, biliyə olan marağının artırılmasına xidmət etdiyini bildiriblər.
   Tədbirdə “Kitabsevərlər klubu”nun üzvlərinə sertifikatlar verilib, müxtəlif kitablar hədiyyə edilib.