Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Quba şəhərində yerləşən “Hündür günbəzli hamam”da təmir-bərpa işləri həyata keçirilir.
   “Hündür günbəzli hamam” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
   Abidə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə bərpa olunur.
   Ötən müddət ərzində abidənin fasad və daxili divarlarında yaranmış fəsadlar aradan qaldırılıb, hörgüarası tikişlər təmizlənərək əhəng məhlulu ilə yenidən doldurulub. Hücrələrdə möhkəmləndirmə işləri görülüb, damın səthi torpaq və ot örtüyündən tam təmizlənib, sahə bərpa olunaraq izolyasiya edilib, günbəzə qalxan kərpic pilləkən bərpa olunub. Relyef üzrə səviyyə fərqinə görə perimetr boyu torpaq 50 santimetr dərinliyində qazılaraq hamama daxil olmaq üçün pilləkənlər quraşdırılıb. Otaqların döşəmələri palçıq təbəqəsindən təmizlənərək bərpa olunub, eyni zamanda tavan və divarlar suvaq qatından təmizlənərək ilkin vəziyyətə uyğun bərpa işləri həyata keçirilib. Tikilinin qapı və pəncərələri yeniləri ilə əvəz edilib, isitmə, soyutma avadanlıqları quraşdırılıb, hasarı bərpa olunub. Ərazinin abadlaşdırılması və digər işlər həyata keçirilir.
   Qeyd edək ki, Qubadakı “Hündür günbəzli hamam” XIX əsrdə Şərq memarlığı üslubunda inşa olunub. İnşaatda bişmiş kərpicdən istifadə edilib. Burada sonuncu dəfə 1986-1987-ci illərdə təmir-bərpa işləri aparılıb.