Zaqatala Dövlət Rəsm Qalereyasında 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Gözəllik nuru" adlı sərgi təşkil olunub.
   Sərgidə qalereyanın fondunda saxlanılan əsərlərlə yanaşı, yerli rəssamların, məktəblilərin əl işləri də nümayiş etdirilib. Ekspozisiyada qadın gözəlliyinə və zərifliyinə, gündəlik məişət həyatına həsr olunan əsərlər yer alıb. 
   Əsərləri sərgilənən məktəblilərə fəxri fərmanlar təqdim edilib.
   * * *
   Quba rayonunda Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 
   Regional idarənin rəisi Nazim Ağayev çıxış edərək qadınların cəmiyyətdə rolundan söz açıb. Mədəniyyət sahəsində çalışanların əksəriyyətini qadınların təşkil etdiyini xüsusi vurğulayan idarə rəisi onlara işlərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
   Rayonun müəssisə rəhbərləri və mədəniyyət işçiləri həmkarlar təşkilatlarının rayon sədrləri də xanımları təbrik ediblər.
   Tədbir mədəniyyət və incəsənət ustalarının konsert proqramı ilə davam edib.