Azərbaycan mədəniyyəti tarixində Üzeyir bəyin əlahiddə yeri var. Belə deməkdə tam haqlıyıq. Yəqin ki, bu fikrimiz heç bir klassikin ruhuna toxunmaz. Biz hər gün Üzeyir bəylə görüşürük. Biz hər gün Üzeyir bəyə salam veririk, onun salamını alırıq. Bu fikrimi heç kim qəribliyə salmasın. Elə bir gün yoxdur ki, dahi Üzeyir bəyin müəllifi olduğu Azərbaycan Respublikasının Dövlət Himnini radio və televiziyadan eşitməyək. Və yaxud «Koroğlu»nun «Üverturası»nı, Məcnunun naləsini, «Sevgili canan»ı, «Sənsiz»i xatırlamayaq, zümzümə etməyək. Hərdən mənə elə gəlir ki, Azərbaycan elə bu himn ilə, «Üvertura» ilə başlayır. Bilənlər bilir ki, Üzeyir bəyin musiqisində çox şey var. İndi inandınız ki, biz hər gün Üzeyir bəylə görüşürük. Kiminsə yadından, bəlkə də çıxa bilər Üzeyir bəyə salam vermək. Amma Üzeyir bəyin yadından çıxmır. O hər gün bizimlədir. O hər gün bizə salam verir. Bizlər də bu salamı şərəflə, hörmət-ehtiramla alırıq. Və qürur, şərəf məqamı gələndə deyirik: «Nə yaxşı Azərbaycanın Üzeyir bəyi varmış». Təkcə Üzeyir bəyə görə Azərbaycanın mədəniyyət sərhədləri genişdir. Təkcə Üzeyir bəyə görə Azərbaycan böyükdür. Bəli, Üzeyir bəy dahidir. Onun dünya musiqi kəhkəşanı içərisində ayrıca yeri var. Ən kiçik bəstəsi belə şedevrdir. Üzeyir bəy dünya opera sənətinin nadir bəstəkarlarındandır ki, «Koroğlu»dan başqa bütün opera və operettalarının mətnini özü öz əli ilə yazmışdır. Nadir istedad sahibi olan Üzeyir bəy görkəmli bəstəkar, məşhur yazıçıdır.
   ...Zaman yaddaşında hər kəsi və hər şeyi saxlamır. Bu deyim Üzeyir bəydən uzaqdır. Üzeyir bəy zamandır. Üzeyir bəyin istedadı - bütövlükdə yaradıcılığı qarşısında zaman çox acizdir. O, zamanın fövqündədir. Onun nə az, nə çox düz bir əsr, bir rüb yaşı var. Ancaq qocalmayıb. Olsa-olsa 125 yaşlı müdrikdir. Ancaq o heç vaxt qocalmayacaq - zamandan geri qalmayacaq. Çünki onun qələmi həmişə həqiqətə xidmət edib, xalqdan güc-qüdrət alıb. Nə yazıbsa, xalqdan yazıb. Xalqın dərdindən-sərindən yazdığı üçün də yenə oxunur. Bu fikrə siz, oxucular da şərik olarsınız. Üzeyir bəyin yaradıcılığı bizimlə gələcəyə gedir. Ən kiçikhəcmli felyetonu belə hələ də bu günümüzlə səsləşir. Nümunə üçün təqdim edəcəyimiz iki felyeton da bu fikirləri əyani şəkildə təsdiqləyir. Demək, Üzeyir bəy Azərbaycanın yaddaşındadır. Möhtəşəm musiqilər müəllifi kimi, böyük yazıçı, əzəmətli şəxsiyyət kimi. Mən həmişə assosiativ şəkildə «Heyrət, ey büt...» nidasını Füzuli ilə bərabər Üzeyir bəyə də aid edirəm. «Heyrət, ey Üzeyir bəy» deməyə hər cür mənəvi haqqımız var.
   Xeybər GÖYYALLI
      
   
   Üzeyir Hacıbəyli
   

   Millət geridə qaldı
   
   Mən and içərəm ki, bizim millətin, doğrudan da, geridə qalmağına bir səbəb də haman bu «millət geridə qaldı» sözüdür ki, daha gündə onlara qulaq asmaqdan təngə gəlmişik. Görürsən iki qərib müsəlman bir şəhərdə görüşürlər. Birisinin də əlində qəzet var. Haman saat başlayırlar ki, «millət geridə qaldı», bizi xabiqəflət basdı, vay halımıza vahəsrəta və sair. Bu cürə boş və biməna sözlər ki, içində bir qəpiklik mənfəət yox, savayinki ürək bulanması və bir də baş ağrısı. Bu cürə kiflənmiş və çürümüş sözləri hamıdan çox deyən içimizdə bir sinif adamlardır ki, onların müsəlman millətinə olan zərəri nəflərindən çoxdur və millətin geridə qalmağına səbəb məhz onlardır. Həqiqətdə geridə qalmaqla irəli getməyin nədən ibarət olduğunu bilməyən bu adamların heç məsləki, əqidəsi olmur və hərçənd hürriyyət və ədalətdən dəm vururlar, amma onların da nəmənə şey olduğunu başa düşməyib, hər bir əməllərində də tərsinə iş görürlər. İki zidd məsləkli qəzeti ki, bunun biri camaatın əxlaqını pozub tərəqqisinə mane ola və o biri də camaat üçün tərəqqi yolu aça, bunlar bir-birindən seçə bilməzlər, məhz bir «xətir» üçün ya o qəzetə və ya bu qəzetə tərəfdar olarlar.
   Camaata elan edirəm ki, bu cürə adamlardan bacarlıqca uzaq olub, bir də onlar «millət geridə qaldı» dedikdə sözlərinə qulaq asmasınlar.
   
      
   Biz müsəlmanlarda şirkət
   
   Biz müsəlmanlarda şirkət, kompaniya və bunun kimi şeylər çox az əmələ gəlir və əmələ gəlsə də çox vaxt heç işə başlamamış dağılıb, şirkətin üzvləri bir-birini görəndə bir verstlikdən qaçırlar.
   Müsəlmana deyirsən ki, balam, gəl bir nəşriyyat cəmiyyəti quraq; həm özümüz pul qazanaq həm özgəyə pul qazandıraq və həm də camaatımızın arasında savad artıraq.
   Müsəlman bir qədər fikir eləyir və bir balaca gülümsünür və sonra deyir:
   - Axı, pulum yoxdur.
   Sən bu sözə inanmırsan, çünki bilirsən ki, müsəlmanın cibində elə bu saatın özündə bir əlli manat var ki, üzvlük payı üçün bəsdir və özü də elə yerlərə əlli manat xərcləyir ki, əlli min il çalışsa, o yerdən əlli qəpiklik də mənfəət görməz. Bunu deyirsən, yenə bir az fikir eləyir və deyir:
   - Axı, sən bilmirsən ki, əlli manatın əli min dərdi var?
   Bu sözün qabağına heç bir söz deyə bilmirsən. Doğrudan da, əlli manatın əlli min dərdi var. Ancaq başlayırsan qandırmağa ki, bu əlli manat itmir. Bəlkə iki-üç onun kimi əlli manat götürülüb yüz min şeyin dərdinə dərman olur. Müsəlman inanmaq istəmir və soruşur:
   - Yəni nə təhər?
   - Deyərsən ki, məsələn, birisi bir kitab yazır və istəyir ki, o kitabı çap etdirsin, amma pulu olmur. Gəlir nəşriyyat cəmiyyətinin yanına və kitabını o cəmiyyətə satır. Cəmiyyət kitabı alıb çap etdirib, satmağa başlayır. Satıb qurtarandan sonra görür ki, filan qədər mənfəət eləyibdir və mənfəəti də üzvlərinin arasında paylayır.
   Müsəlman bu sözlərə qulaq asır və deyir:
   - Bəlkə, kitablar satılmadı?
   Onda deyirsən ki, yaxşı, bəs onda sən heç dükana corab alıb qoyma. Deyir: «Nə üçün?» Deyirsən ki, bəlkə, corablar satılmadı. Müsəlman gülür və deyir:
   - Axı, corabla kitab bir deyildir! Corabı yenə ayağa geyirlər, kitabı nə eləsinlər?
   İş bu məqama gəldikdə sən özgə bir fikrə gedirsən və baxıb görürsən ki, bu cürə üzvlərdən nəşriyyat cəmiyyəti düzəltmək ona oxşar ki, palçıqdan ikimərtəbə ev tikəsən ki, sonra da uçub töküləndə altında qalan sən olasan. Ayağa durub, xudahafiz deyib gedirsən...