Mədəniyyət və Turizm Nazirliyi regionlarda yaşayan gənc şair və yazıçılar üçün müsabiqə elan edib. Müsabiqədə 25 yaşadək şair və yazıçılar iştirak edə bilərlər.
   “Yeni adlar” adlanan bu şeir və hekayə yarışması bir neçə məqamdan əhəmiyyətlidir.
    Əvvəla, istənilən ədəbi müsabiqə cəmiyyətin bəlli kəsimində fəallaşma ilə müşahidə olunur. Bu və ya digər sahə ilə maraqlanan insanların diqqətini çəkir. Bu zaman hətta formalaşan neqativ rəylərin özü belə ədəbi prosesə təkan verir, yeni mühitin formalaşması üçün əlverişli zəmin formalaşır. Müsabiqədə iştirak edən şair və yazıçılar bir-biri ilə tanış olur, rəqiblərinin təqdim etdiyi ədəbi nümunələrlə maraqlanır və öz aralarında onları keyfiyyəti barədə fikir yürüdürlər. Nəticədə ədəbi fəallıq artır. Bu isə, ümumilikdə Azərbaycan ədəbiyyatı üçün vacibdir. Başqa sözlə desək, qarşılıqlı informasiya və təcrübə mübadiləsi aparılması yeni ədəbi mühitin formalaşması üçün vacib amillərdəndir. Üstəlik, müsabiqənin keçirilməsi müvafiq sahəyə diqqətdən xəbər verir ki, bu da az önəmli məqam deyil. Əyalətdəki yazar bu addımı həm də onun özünə olan diqqətin, önəmin nişanəsi kimi qəbul edirlər. Nəticədə bölgələrdə də ədəbiyyata diqqət artır. Mükafatlandırma mərasiminin də ənənəvi olaraq Bakıda deyil, Şamaxıda keçirilməsi də bölgələrdə yaşayan istedadlara hörmət əlamətidir.
   Adətən, müsabiqələrə paytaxt sakinləri daha fəal qoşulur. Amma “Yeni adlar” müsabiqəsində yalnız bölgələrdə yaşayan şair və yazıçılar iştirak edə biləcəklər. Müsabiqə iştirakçılarına qoyulan yaş senzi isə nisbətən yaşlı və ədəbiyyatda öz sözünü demiş, imzasını tanıtdırmış şəxslərin müsabiqəyə qatılmaq imkanı vermir.
   Onu da etiraf etmək lazımdır ki, əyalətlərlə paytaxtda yaşayan yazarlar arasında bağlar yetərincə möhkəm deyil. Bu müsabiqə isə regionlardakı imzaları paytaxtdakı yazarlara tanıtdıracaq.
   Bu müsabiqənin həm şeir, həm də nəsr nominasiyası üzrə keçirilməsi və hər nominasiya üzrə ayrıca mükafatların təsis olunması da diqqəti çəkir. Məsələ burasındadır ki, Mədəniyyət və Turizm Nazirliyinin də dəstək verdiyi Milli Kitab Mükafatında yalnız nasirlər iştirak edə bildiyindən, şairlər kənarda qalmışdılar. MKM-in təşəbbüs qrupunun bölgələrə səfərləri zamanı yerli şairlər öz incikliklərini gizlətmirdilər.
    Müsabiqəyə təqdim olunan mətnlərin həcminin son həddinin - şeir üçün 100 misra, hekayə üçün 25 min işarə müəyyən olunması da nəticələrin qısa vaxt əzrində ortaya çıxmasına şərait yaradır. Eyni zamanda iştirakçıları az sözlə daha böyük mənanı ifadə etməyə çağırır.
   
   Rəbiqə