“Ozan dünyası” elmi-publisistik, ədəbi-bədii jurnalı ikiillik fasilədən sonra yenidən oxucuların görüşünə gəlib.
   Xatırladaq ki, 2010-cu ildə Xalq şairi Zəlimxan Yaqubun xeyir-duası ilə nəşrə başlayan jurnal qısa müddətdə respublikamızla yanaşı, Türkiyə, İran və Gürcüstanda da oxucu rəğbəti qazanmış, elmi ictimaiyyətin diqqətini cəlb edə bilmişdi. 
   Redaksiya heyətində ölkəmizin və xarici ölkələrin nüfuzlu elm adamlarının təmsil olunduğu jurnalın əsas məqsədi dərin tarixi köklərə malik olan aşıq sənətinin, folklorumuzun təbliğidir. İndiyədək jurnalın səhifələrində aşıq sənətinin keçdiyi tarixi təkamül sayəsində yaranmış çox qiymətli qeyri-maddi epik abidələr, respublikamızın və xarici ölkələrin görkəmli folklorşünas alimlərinin aşıq sənətinə dair elmi və publisistik məqalələri, klassik və çağdaş ustad aşıqların həyat və fəaliyyəti haqqında oçerklər, onların bədii yaradıcılıq nümunələri dərc olunub, respublikamızla yanaşı, Türkiyədə, İranda, Gürcüstanda və digər ölkələrdə yaşayıb fəaliyyət göstərən aşıqların yaradıcılığına da geniş yer ayrılıb. 
   Jurnalın yeni çapdan çıxan sayında oxucular Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Milli dəyərlər bayramı”, Qənbər Şəmşiroğlunun “Aşıq Əmrahın Kəlbəcərə ilk səfəri”, professor Şirindil Alışanlının “Kərkük sevdalı filoloq”, Sərraf Şiruyənin “Aşıq Nəcəfin övladları gözünün qarşısında necə qətlə yetirildi?”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimovun “XIX əsrin tarixi-siyasi hadisələri fonunda Tiflis-Borçalı musiqi mədəniyyəti” və digər yazılarla tanış ola biləcəklər. 
   Jurnalın baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.