Başqırdıstan Respublikasında (Rusiya Federasiyası) gənclərin beynəlxalq 填ral mono" musiqi yaradıcılığı festivalı-müsabiqəsi keçiriləcək. Festival tədbirləri iyun ayının 8-dən 10-dək respublikanın paytaxtı Ufada və İşimbay rayonunda gerçəkləşəcək. 
   18-35 yaş arası etnik və estrada musiqisi ifaçılarının qatıldığı ənənəvi müsabiqə proqramı üç nominasiya üzrə keçirilir: solistlər-vokalçılar, vokal və vokal-instrumental kollektivləri, çalğı alətləri ifaçıları və ansamblları. 
   İyunun 8-də müsabiqə proqramında çıxış edən iştirakçılar ertəsi gün "Avrasiyanın qəlbi" sənət festivalı çərçivəsində "Ufa - Kuraifest" layihəsində çıxış edəcəklər. "Ural mono" festival-müsabiqəsi ayın 10-da İşimbay rayonunda Toratau dağının ətəyində qala-konsertlə başa çatacaq. 
   Xatırladaq ki, bu layihə ilk dəfə 1992-ci ildə Başqırdıstanda respublika miqyaslı estrada və rok musiqisi festivalı kimi reallaşıb. Festival 1995-ci ildə beynəlxalq status alaraq ənənəvi sənət yarışına çevrilib. Hər il gənc istedadlar "Ural mono" festivalından beynəlxalq səhnəyə vəsiqə alır. 
   Festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Başqırdıstan Mədəniyyət Nazirliyi, V.D.Polenov adına Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin təşkilatçılığı ilə keçirilir.